Bakı, 19 noyabr, AZƏRTAC Akademik Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib. Səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində nümayiş olunub. Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa teatr sənətinin inkişafı, gənc rejissorların yaradıcılıq potensialının stimullaşdırılması və onların peşəkar fəaliyyətinə dəstək məqsədilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yeni - II mərhələsinin bir hissəsidir.Səhnə əsərinin quruluşçu rejissoru Mirzə Nicat, səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssamı Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Yeni tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin Şıxəliyev və Elsevər Rəhimov iştirak edirlər. Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri baş qəhrəman İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur. Əsər sırf maddi mənfəətə köklənmiş həyatın mənasızlığını və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir.