Universitet və kollec məzunu müəllimlər arasında FƏRQLƏR

Nazir Emin Əmrullayevin açıqlamasına görə, ibtidai sinif müəllimlərinin böyük bir qisminin ali deyil, orta ixtisas təhsilli olması ibtidai təhsilin keyfiyyəti məsələsini yenidən gündəmə gətirir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, müəllimlərin ali təhsilli olması şagirdlərin təhsil nəticələrinin yüksəlməsinə təsir göstərir:

“Bunu biz demirik, beynəlxalq tədqiqatlar, o cümlədən PISA araşdırması da bu qənaəti təsdiqləyir. Təəssüf ki, bu, kifayət qədər ciddi problemdir. Bu gün Azərbaycan ibtidai sinif müəllimlərinin bir qisminin ali təhsilinin olmaması hazırkı dövrün deyil, 20-30 il əvvəl mövcud olmuş müəyyən boşluqların nəticəsidir.

Düşünürəm ki, burada söhbət yalnız müəllimin daha çox biliyə malik olmasından getmir. Hesab edirəm ki, Emin müəllimin toxunmaq istədiyi əsas məsələ müəllimin ali təhsil almasının onun dünyagörüşünə, düşüncə tərzinə və uşaqlarla ünsiyyətinə təsiri ilə bağlıdır. Ali təhsil insanın daha geniş düşünməsinə, məsələlərə fərqli yanaşmasına, müxtəlif təlim metodlarını mənimsəməsinə və ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.

Bu baxımdan, ibtidai sinif müəllimlərinin hamısının ali təhsilli olması şagirdlərlə iş prosesində daha fərqli yanaşmaların formalaşmasına, nəticə etibarilə isə bütövlükdə təhsil sektorunun keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər. Əlbəttə, bu gün orta ixtisas təhsilli müəllimlərimiz arasında da yüksək nəticələr göstərənlər var. Məsələyə obyektiv yanaşmaq üçün monitorinq nəticələrini də təhlil etmək lazımdır. Yəqin ki, müvafiq qurumlar bu göstəriciləri izləyirlər.

Həmin nəticələr əsasında müxtəlif təhsil səviyyələrinə malik müəllimlərin fəaliyyət göstəricilərini müqayisə etmək mümkündür. Bununla belə, ümumi yanaşdıqda, ali təhsilin müəllimin peşəkar inkişafına təsiri danılmazdır. Hətta bir sıra xarici ölkələrdə məktəbəqədər və ibtidai təhsil pillələrində çalışan müəllimlərdən magistr dərəcəsi də tələb olunur. Burada ən mühüm məsələlərdən biri öyrənmə bacarığının inkişafıdır”.

Ali təhsil müəllimin dünyagörüşünü və yanaşmasını formalaşdırır:

“Təəssüf ki, bizdə bəzi insanlar universiteti bitirdikdən sonra öyrənmə prosesini dayandırırlar. Halbuki ali təhsil alan şəxslərdə davamlı öyrənmə, araşdırma və özünüinkişaf bacarıqları formalaşır. Məsələn, magistratura təhsili zamanı tədqiqat aparmaq, yeni məlumatları təhlil etmək və müstəqil öyrənmək vərdişləri daha da inkişaf edir. Sonrakı mərhələlərdə də bu bacarıqlar insanın özünü davamlı şəkildə təkmilləşdirməsinə imkan verir.

Sadə dillə desək, bir müəllim iki il orta ixtisas təhsili alaraq pedaqoji fəaliyyətə başlayırsa, digər müəllim altı il ali təhsil pilləsində təhsil alır. Təbii ki, ikinci halda müəllim daha geniş informasiya ilə tanış olur, müxtəlif bilik və təcrübələr qazanır. Bütün bunlar onun peşəkar yanaşmasına və fəaliyyətinin nəticələrinə təsirsiz ötüşmür”.