Bakı, 19 noyabr, AZƏRTAC ABŞ-nin Kaliforniya ştatında yerləşən Stanford Universitetində “Azərbaycanlı-Amerikalı IT və Süni İntellekt Mütəxəssislərinin I Forumu” keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Stanford Azərbaycan Tələbələri Assosiasiyasının təşkilatçılığı, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Amerika Azərbaycanlı Təşkilatları Alyansının tərəfdaşlığı ilə keçirilən forumda 150-yə yaxın iştirakçı və 16 panelist bir araya gəlib.Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Silikon Vadisində fəaliyyət göstərən azərbaycanlı IT mütəxəssislərinin qlobal texnologiya ekosistemindəki rolu, peşəkar əlaqələrin inkişafı və Azərbaycanla texnoloji əməkdaşlıq imkanları müzakirə olunub.Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxışında azərbaycanlı mütəxəssislərin uğurlarından və forumun onların vahid platformada birləşdirilməsi baxımından əhəmiyyətindən danışıb.Forum çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, liderlik, sahibkarlıq, innovasiyaların məhsula çevrilməsi və texnologiyaların qlobal bazara çıxarılması mövzularında dörd panel müzakirəsi keçirilib. Həmçinin “Microsoft”, “Google”, Stanford Universiteti və digər nüfuzlu qurumları təmsil edən azərbaycanlı mütəxəssislər öz təcrübələrini bölüşüblər.Eyni zamanda, tədbir çərçivəsində şəbəkələşmə sessiyaları təşkil olunub, humanoid robot nümayiş etdirilib. Forumun bədii proqramında Azərbaycan musiqisi və rəqsləri təqdim edilib.Təşkilatçılar forumun hər il keçirilməsini, tədbirlərarası dövrdə isə icmanın rüblük görüşlərinin təşkilini nəzərdə tutduqlarını bildiriblər.Qeyd edək ki, forumun təşkili təşəbbüsü 2026-cı il mayın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının Silikon Vadisində yaşayan azərbaycanlı IT mütəxəssisləri ilə görüşü zamanı irəli sürülüb.