Bakı, 19 noyabr, AZƏRTAC AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini dosent Elnur Mustafayevin “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı çapdan çıxıb.İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri, təlim ehtiyacları və müasir təhsil standartları nəzərə alınmaqla hazırlanıb. Kitabın əsas məqsədi İraqda yaşayan türkmanların dil qaydalarını sadə, anlaşıqlı və sistemli şəkildə təqdim etmək, şagirdlərdə möhkəm nəzəri bilik formalaşdırmaqla yanaşı, həmin biliklərin praktik nümunələr vasitəsilə tətbiqinə kömək etməkdir. Kitab Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə nəşr edilib.Nəşrin elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, elmi məsləhətçiləri isə Bağdad Universitetinin professoru Mahmud Çayırlı və “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklüdür.Kitabda mövzular sadədən mürəkkəbə doğru ardıcıllıq prinsipi əsasında qurularaq, hər bir qayda gündəlik həyatdan götürülmüş nümunələr və ətraflı izahlarla müşayiət olunub. Bu yanaşma şagirdlərin mövzuları daha asan mənimsəməsinə, müstəqil düşünmə bacarıqlarının inkişafına və ana dilinə marağının artmasına xidmət edir. Bununla yanaşı, kitab yalnız qrammatik qaydaların izahı ilə məhdudlaşmır. Burada uşaqların ümumi dünyagörüşünü zənginləşdirən, onların nitq mədəniyyətini, məntiqi təfəkkürünü və mütaliə vərdişlərini inkişaf etdirən maraqlı və faydalı məlumatlara da yer verilib. Beləliklə, kitab həm öyrədici, həm də maarifləndirici vəsait kimi nəzərdə tutulub. Bu, türkman dili sahəsində əksər qrammatik qaydaları və dillə bağlı mövzuları əhatə edən ibtidai siniflər üçün nəzərdə tutulmuş ilk kitabdır. Kitabın səciyyəvi cəhəti onun yeni üslubda, müasir meyarlara uyğun və müxtəlif mövzuları əhatə edən rəngli illüstrasiyalarla hazırlanmasıdır.Qeyd edək ki, təqdim olunan kitab müəllif tərəfindən əski əlifba ilə yazılıb. Bu təşəbbüs dilin təsir dairəsini genişləndirmək və inkişaf etdirmək üçün böyük imkanlar yaradır. Ərsəyə gəlmiş kitabı təkcə İraq türkmanları arasında deyil, həmçinin Suriya və Livanda yaşayan türkmanların yaşadıqları ərazilərdəki orta təhsil məktəblərində də tətbiq etmək mümkündür.