“Gömrük rüsumlarının artması siqaretlərin qiymətində təqribən 10 qəpik artıma səbəb olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında REAL Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli deyib.
N. Cəfərli tütün məmulatlarının hər 1000 ədədi üçün gömrük rüsumunun 3 dollardan az olmayacaq şəkildə müəyyənləşməsinin qiymət artımına yol açacağını bildirib:
“Azərbaycanda tütün məmulatlarının idxalı üzrə gömrük tariflərinin dəyişdirilməsi qiymətlərdə artıma səbəb olacaq. İstənilən halda rüsumların artırılması qiymətlərdə də özünü büruzə verir. 1000 ədədə 3 dollar tətbiq olunacaqsa, bu, 50 qutu siqaret edir. 50 qutuda 3 dollar — yəni təqribən 5 manat fərq yaranacaqsa, bu, bazarda özünü göstərəcək. Ciddi fərq olmasa da, hər qutunun təqribən 10 qəpik bahalaşmasına səbəb olacaq”.
Qeyd edək ki, siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.