“Azərbaycanın Avropa siyasətində rolu artıq enerji əməkdaşlığı ilə məhdudlaşmır. Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısı bunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin sammitdə iştirakı göstərdi ki, Bakı Avropanın təhlükəsizlik və iqtisadi inkişaf gündəliyində enerji, nəqliyyat və regional sabitlik məsələləri üzrə mühüm tərəfdaş kimi çıxış edir”.
Bu fikirləri Moderator.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısının iştirak etdiyi “Rəqabətqabiliyyətli Avropa: innovasiyalar, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masa Avropanın iqtisadi maraqları ilə Cənubi Qafqazın strateji əhəmiyyəti arasındakı əlaqəni ortaya qoydu:
"Etibarlı enerji təchizatı, təhlükəsiz ticarət marşrutları və dayanıqlı nəqliyyat infrastrukturu Avropanın rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Azərbaycan məhz bu istiqamətlərdə mühüm imkanlara malikdir.
Prezident İlham Əliyev bildirib ki, 2022-ci ildə Avropa İttifaqı ilə enerji sahəsində Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycanın Aİ-yə qaz ixracı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib.
Bununla yanaşı, Bakını İtaliya ilə birləşdirən boru kəməri artıq tam gücü ilə işləyir. Deməli, ixracın daha da artırılması üçün uzunmüddətli müqavilələr, əlavə investisiyalar və yeni infrastruktur layihələri tələb olunur.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə bərpaolunan enerji ixracı, Orta Dəhlizin inkişafı və Naxçıvanın dəmir yolu infrastrukturu müzakirə edilib.
Bu məsələlər Azərbaycan ilə Avropa arasında əməkdaşlığın yeni iqtisadi və logistika istiqamətlərini müəyyənləşdirir. “Sammit çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş də mühüm siyasi əhəmiyyət daşıyır.
Danışıqlarda sərhədlərin delimitasiyası, ticarət əlaqələri, elektrik şəbəkələrinin birləşdirilməsi və TRIPP marşrutunun inkişafı kimi praktiki məsələlərə diqqət yetirilib. 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşınması iqtisadi əlaqələrin tədricən formalaşdığını göstərir. Bu proses sülh gündəliyinin konkret əməkdaşlıq layihələri ilə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.
Sevinc Fətəliyeva əlavə edib ki, Dublin sammitinin diqqətəlayiq nəticələrindən biri Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadilə edilməsi oldu:
"Sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, təhsil və innovasiyalar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Böyük Britaniyanın cari ildə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilməsi münasibətlərin iqtisadi potensialını nümayiş etdirir.
Ukrayna, Moldova, Yunanıstan və digər dövlətlərin rəhbərləri ilə keçirilən görüşlər isə Azərbaycanın çoxşaxəli xarici siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Avropa Siyasi Birliyi bu baxımdan həm Avropa İttifaqına üzv dövlətlərlə, həm də digər Avropa ölkələri ilə birbaşa siyasi dialoq üçün əlverişli platformadır.
Sammitin mühüm məqamlarından biri də 2028-ci ilin mayında ASB Zirvə toplantısının Bakıda keçiriləcəyinin təsdiqlənməsidir.
Azərbaycanın namizədliyinin Ermənistan tərəfindən də dəstəklənməsi regionda dəyişən siyasi münasibətlərin diqqətəlayiq göstəricisidir.
Dublin görüşlərinin əhəmiyyəti, ilk növbədə, əldə olunan razılaşmaların məzmunundadır. Enerji təchizatının genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı, yeni strateji tərəfdaşlıqlar və Ermənistanla sülh prosesinin praktik mərhələyə keçməsi Azərbaycanın Avropa ilə münasibətlərinin əsas istiqamətlərini müəyyən edir.
Dublində müzakirə olunan təşəbbüslərin davamı 2028-ci ildə Bakıda keçiriləcək sammitdə öz əksini tapa bilər. Bu isə Azərbaycanın Avropa siyasi dialoqundakı rolunun yeni mərhələyə qədəm qoyduğunu göstərir” .
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor