Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi

Milli Məclisin deputatı Elnarə Akimova məktəb dərsliklərindəki ciddi məzmun qüsurlarına və texniki yararsızlıqlara görə Elm və Təhsil Nazirliyini və aidiyyəti qurumları tənqid edib, bu problemlərə adekvat reaksiya verilməməsini nəzarət boşluğu kimi qiymətləndirib.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təhsilə ayrılan hər bir manat dövlətin gələcəyinə qoyulan sərmayədir. Onun sözlərinə görə, təhsil sahəsində uğur əldə olunması gələcək nəslin daha etibarlı şəkildə formalaşdırılmasına imkan verəcək. Bununla belə, uşaqlar üçün lazımi şəraitin və mühitin yaradılıb-yaradılmadığı barədə düşünmək lazımdır.

E.Akimova son illər mətbuatda və sosial şəbəkələrdə məktəb dərsliklərinin vəziyyətinin, onların məzmunundakı ciddi qüsurların və texniki yararsızlıqların müzakirə olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, özü də bir neçə dəfə bu müzakirələrdə iştirak edərək problemləri gündəmə gətirib və ictimaiyyətin narahatlığını haqlı hesab edir.

"Valideynlər, müəllimlər və mütəxəssislər həyəcan təbili çalırlar", - deyə deputat vurğulayıb.

E.Akimovanın fikrincə, aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi bu haqlı tənqidlərə adekvat reaksiya verməli, sağlam izahat təqdim etməli və ya problemlərin həllinə yönəlmiş konkret mövqe ortaya qoymalıdır.

Deputat bildirib ki, bu məsələnin büdcə müzakirələri zamanı qaldırılması təsadüfi deyil. Çünki dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.

O vurğulayıb ki, Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyan, uşaqlara düzgün tarix, milli kimlik və ana dilini aşılayan dərsliklər gələcəyin strateji təhlükəsizliyidir.

Deputat qeyd edib ki, dərsliklərin hazırlanmasına milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, cəmiyyətdə haqlı narazılıq doğuran qüsurlu və səthi mətnlərin ortaya çıxması ciddi nəzarət boşluğunun mövcudluğundan xəbər verir.

"Deməli, haradasa ciddi bir nəzarət boşluğu var və bu vəsaitlər daha səmərəli, daha məqsədyönlü xərclənməlidir", - deyə o bildirib.

Deputat dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı Milli Məclisin müvafiq komitəsinə ətraflı və şəffaf hesabatların təqdim olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, iclasda digər sahələr üzrə təqdim olunan hesabatlar kimi, dərsliklərə ayrılan vəsaitlərin istifadəsi barədə də məlumatlar açıqlanmalıdır.

E.Akimova daha bir təklif olaraq dərsliklərin qiymətləndirilməsi üçün ekspertiza komissiyasının yaradılmasına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real təsiri təmin edilməli, bununla da məzmunun keyfiyyətinə nəzarət gücləndirilməlidir.