Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı iqlim böhranının əsrin sonuna qədər bəzi həssas bölgələrdə su ehtiyatlarını təxminən dörddəbir azalda biləcəyi barədə xəbərdarlıq edərək iqlimə uyğunlaşma və su idarəçiliyinə investisiyaların artırılmasına çağırıb.
Antalyada keçirilən COP31 iqlim sammiti çərçivəsində buzlaqların qorunması və iqlimə davamlılıq mövzusuna həsr olunmuş iclasda çıxış edən nazir temperatur və buxarlanmanın artmasının su ehtiyatları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün ciddi fəsadlar yarada biləcəyini deyib.
“Yanaşmamız aydındır: böhranlara reaksiya vermək əvəzinə, riskləri əvvəlcədən idarə etməliyik”, – deyə o vurğulayıb.
Aralıq dənizi hövzəsində yerləşdiyi üçün Türkiyənin iqlim dəyişikliyinə qarşı xüsusilə həssas olduğunu bildirən Yumaklı 25 çay hövzəsində aparılan tədqiqatların 2100-cü ilə qədər orta temperaturun 6 dərəcəyə qədər arta biləcəyini göstərdiyini qeyd edib.
Nazir Türkiyənin Dünya Bankı ilə birgə 819 milyon dollarlıq suvarma sistemlərinin müasirləşdirilməsi və 600 milyon dollarlıq daşqın və quraqlıqla mübarizə layihələrini icra etdiyini xatırladaraq deyib: “Unutmayaq ki, buzlaqların qorunması dağlardan qidalanan çayları, kənd təsərrüfatını, şəhərləri və gələcək nəsillərin həyatını qorumaq deməkdir”.