Özəl bağçalarla bağlı yeni plan – 2030-cu ilə qədər...

“Özəl bağçalara cəlb olunan uşaqların sayı 12 minə çatdırılacaq”.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq 8 min uşaq məktəbəqədər təhsilə cəlb olunub.

"Bu modeldə xidməti özəl müəssisələr göstərir, dövlət isə hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Hazırkı qiymətlərlə Bakıda aylıq 300-350 manatdan çox olmamaq şərtilə, regionlarda isə aylıq 250 manatdan çox olmamaq şərtilə ödəniş həyata keçirilir”.

Kənan Kərimzadə qeyd edib ki, 2027-ci ildə bu təşəbbüsün həyata keçirilməsi üçün 37,5 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına 12 min uşağın özəl sektorun iştirakı ilə məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır.

“2030-cu ilə qədər olan planımız 30 min uşağı əhatə etməkdir”.

Nazir müavini bildirib ki, islahat çərçivəsində ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin dolayısı ilə yenidən dövlət büdcəsinə vəsait daxilolmaları şəklində qayıtması gözlənilir:

“Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəlirləri olaraq qayıdacaq”.

O vurğulayıb ki, layihə minlərlə Azərbaycan qadınının məşğulluğa cəlb olunmasına, eyni zamanda 6 min vətəndaşın işlə təmin edilməsinə, sahibkarlığın və regionların inkişafına dəstək verəcək.

Günay Şahmar, Bizim.Media