“Mənə "qarabala" deyirdi- atam idi sanki; dedim ki, məni yetim qoyub getmə” - ÖZƏL

“Hacıbaba Hüseynov böyük ustad idi. Həm qəzəli bilirdi, həm muğamları öyrədirdi, həm də özünün təsnifləri var idi. Mən 1 il ondan dərs almışam. Amma elə bilmişəm ki, 10 il ondan dərs almışam. Hər dərs qəzəl yazdırırdı. Tələbə qəzəli tam öyrənməmiş dərs keçməzdi. Qəzəli yazdırandan sonra oxudardı ki, səhv olmasın. Hacıbaba müəllimlə Bakı toylarında da çox olmuşam. Tələbkar idi. Bildiyini öyrədirdi. O vaxtı hələ tədris üçün muğamları təkmilləşdirməmişdilər. Mənə deyirdi ki, “Rast” muğamında “Dilkeş” keçmirlər, amma mən sənə öyrədəcəm”.

Bunu açıqlamasında Xalq artisti Zabit Nəbizadə ustadı Hacıbaba Hüseynov haqda danışarkən deyib.

O daha sonra əlavə edib:

“Rəhmətlik mənə “qarabala” deyə müraciət edərdi. Sonra deyirdi ki, “rəhmətlik Zülfü Adıgözəlov mənə qarabala deyirdi, mən də sənə deyirəm”. Müəllim və tələbədən əlavə, ata və oğul kimi münasibətimiz var idi. Xəstəxanada yatırdı, ziyarətinə getdim. Təxminən saat -6-7 olardı. Məni görüb dedi ki, “qarabala, nə yaxşı ki, gəldin, yatacaqdım, gecə ilə gündüzü qarışdırmışam”. Bir az ordan-burdan söhbət edəndən sonra dedim ki, Hacı dayı, məni yetim qoyub getmə də, sağalandan sonra gəl dərslərini de. Dedi ki, “bütün tələbələrim sənin kimi olsa ayda bir dəfə də gəlsəm bəs edər”. O vaxt rəhmətlik Səxavət Məmmədov da sağ idi. Dedi ki, “mənim qapım sənin də, Səxavətin də, Alimin də üzünə açıqdır, çünki siz yaxşı öyrənən tələbələrsiz”. Artıq Alim Qasımov da, Səxavət Məmmədov da tanınırdılar, tələbə deyildilər, amma şagird nə qədər ucalsa da müəllimin gözündə elə tələbədir. Hacıbaba Hüseynov hər adama hər sözü demirdi. Kimdənsə istədiyini ala bilirdisə ona tövsiyyə edirdi, məsləhət verirdi. Verilişlərdən birində ona sual vermişdilər ki, Hacı müəllim, ildə neçə tələbəniz olur? O da demişdi ki, “5-6 tələbə hər il Asəf Zeynallı adına musiqi texnikomunu bitirib gedir, amma hər oxuyan Molla Pənah Vaqif olmaz”. Hacıbaba müəllim deyirdi ki, “qarabala, səni tələbə ola-ola mənimlə birlikdə Nardarana toya dəvət edirlərsə, sən tələbə deyilsən”. Mən hər gün dərs keçəndə o kişini xatırlayıram. Bunu mənim tələbələrimdən də soruşa bilərsiz, onlar bunu təsdiqləyə bilərlər”, - deyə sənətkar bildirib.