Sosial şəbəkələrdə ictimai davranış qaydalarını pozan daha bir şəxs məsuliyyətə cəlb olunub.
Modern.az-a istinadən, 43 yaşlı Murad Salmanov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr səsləndirib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
M. Salmanov bu hərəkətinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Murad Salmanov izahatında hadisə zamanı sərxoş olduğunu deyib. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.