İranın Fars körfəzində hərbi fəaliyyətini intensivləşdirməsi nəticəsində son bir həftədə Hörmüz boğazında və ətrafında azı 25 tanker hücuma məruz qalıb.
APA "Al Jazeera"ya istinadən xəbər verir ki, hücumların artması ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası və iqtisadi sanksiyalar fonunda baş verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Tehran hücumlar nəticəsində iki "Patriot" hava hücumundan müdafiə radarının məhv edildiyini iddia edib.
Bəhreyn hakimiyyəti isə İranın hücumu nəticəsində mülki sənaye obyektində yanğın baş verdiyini bildirib.
İran hərbçiləri ABŞ-yə məxsus F-16 qırıcısına zərər vurduqlarını da iddia ediblər. ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təkzib edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına əsasən, noyabrın 12-dən 18-dək Hörmüz boğazından 263 gəmi keçib. Bu, əvvəlki həftə ilə müqayisədə 15 faiz azdır. Həmin müddətdə boğazdan keçən neft tankerlərinin sayı isə 52-dən 37-yə düşüb.
Ekspertlər hesab edirlər ki, Tehran hücumları artırmaqla ABŞ-yə və onun regiondakı müttəfiqlərinə təzyiq göstərməyə, Vaşinqtonu iqtisadi blokadadan imtina etməyə məcbur etməyə çalışır.
Quincy İnstitutunun vitse-prezidenti Trita Parsi bildirib ki, ABŞ-nin dəniz blokadasını davam etdirməsi regionda hərbi eskalasiya riskini artırır.
ABŞ Prezidenti Donald Tramp isə İranla nüvə silahının əldə edilməsini istisna edən uzunmüddətli razılaşmaya nail olmaq niyyətində olduğunu açıqlayıb.