“Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb

“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi ilə Loqos Qadın Uzun Ömürlük Rezidensiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb.

21 noyabr 2026-cı il tarixində “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi, “Loqos Psixoloji və Nitq Mərkəzi”, “Loqos Qadın Uzunömürlük Rezidensiyası” və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

Memorandum çərçivəsində “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin idarə heyəti və kollektivi “Loqos Qadın Uzunömürlük Rezidensiyasında” qonaq olub.

Görüş zamanı qonaqlar rezidensiyanın ilkin fəaliyyəti, təqdim etdiyi xidmətlər, fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ilə yaxından tanış olublar.

Tanışlıq görüşündən sonra tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, sosial yönümlü təşəbbüslərin inkişafı və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşün yekununda əməkdaşlıq memorandumu “Loqos Qadın Uzunömürlük Rezidensiyasının” rəhbəri Təranə Paşayeva və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Nurməmmədov arasında imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, sosial əhəmiyyətli layihələrin birgə hazırlanması və icrası, eləcə də qrant proqramları çərçivəsində müxtəlif istiqamətli təşəbbüslərin reallaşdırılmasıdır.

Əməkdaşlıq çərçivəsində sosial müdafiəyə ehtiyacı olan qrupların dəstəklənməsi, psixoloji və sosial xidmətlərin təşviqi, maarifləndirmə tədbirlərinin təşkili və cəmiyyətin rifahına töhfə verən layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tərəflər bu əməkdaşlığın gələcəkdə yeni sosial təşəbbüslərin yaranmasına, institusional tərəfdaşlığın gücləndirilməsinə və cəmiyyət üçün faydalı nəticələrin əldə olunmasına töhfə verəcəyinə inamlarını ifadə ediblər.