Ləfxanıma ağır itki: “Atamı Xocalıda dəfn etdik, əsirlikdə ona işgəncələr vermişdilər”-FOTO+ÖZƏL

“Atam uzun illər idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir neçə gün öncə dünyasını dəyişdi. Bilirsiniz ki, ermənilər 1992-ci ildə onu da əsir götürmüşdülər və olmazın işgəncələr vermişdilər. Uzun illər Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayırdı. Ata evim da o kənddə idi. Bir neçə ay olardı ki, Xocalıya köçmüşəm”

Bunu açıqlamasında Xocalı sakini Ləfxanım Mahmudova deyib. O daha sonra atasının vəsiyyətini yerinə yetirdiklərini söyləyib:

“Bir şeyə sevinirəm ki, atam Xocalının işğaldan azad olunması gününü gördü. Buna görə bir az təsəlli tapıram. Amma təəssüflər olsun ki, mənim evimə gələ bilmədi, Xocalıda doyunca yaşaya bilmədi. Buna görə çox pis oluram. Ağır xəstə idi, gedib-gələ bilmirdi. Özü sağlığında vəsiyyət etmişdi ki, məni Xocalıda dəfn edərsiniz. Biz də onun son vəsiyyətini yerinə yetirdik” deyə Ləfxanım bildirib.

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Ləfxanım Milli Qəhrəman Çingiz Mustafayevlə baş tutan məşhur dialoqu ilə də tanınır.