Meksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü

Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat yayılıb.

Əməliyyat zamanı yeddi silahlı məhv edilib, səkkiz şübhəli saxlanılıb. Hərbçilər 50 kalibrli "Barrett" iriçaplı tüfəng, müxtəlif kalibrli 10 odlu silah, qumbaraatan, iki əl qumbarası, daraqlar və patronlar, taktiki təchizat, narkotik vasitələr və nağd pul müsadirə ediblər.

Saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb və onlara qarşı partlayıcı maddələrdən istifadə olunub.

"Beltran Leyva" qruplaşmasına rəhbərlik edən və "Sakit okean karteli"nin "Mayos" fraksiyasının müttəfiqi olan Çapo İsidro ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 şəxsi siyahısına daxildir. Meksikada onun barəsində mütəşəkkil cinayətkarlıq və ictimai sağlamlığa qarşı cinayətlərə görə həbs qərarı, ABŞ-də isə narkotik vasitələrin yayılması məqsədilə əlbir olmaq ittihamı ilə ekstradisiya qərarı mövcuddur.