Həyətyanı torpaqlara çıxarış almaq mümkün olacaq

Azərbaycanda bəzi vətəndaşların həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə mane olan hüquqi boşluğun aradan qaldırılması təklif edilir.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair hazırlanmış plan-ölçü sənədləri mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılacaq.

Belə ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara torpaq sahələri ilə bağlı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verilirdi. Sonradan bu sənədlərin hazırlanması dayandırılıb, onların əvəzinə plan-ölçü sənədləri tərtib edilməyə başlanılıb.

Ancaq plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, həmin sənədi alan vətəndaşlar torpaq sahələrinə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməyiblər.

Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və 2006–2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçüsü hazırlanmış həyətyanı torpaq sahələrində də mövcuddur.

Təklif olunan dəyişiklik bu kateqoriyadan olan torpaq sahələri üzrə plan-ölçü sənədinin hüquqi statusunu müəyyənləşdirməklə mülkiyyət hüququnun rəsmiləşdirilməsinə şərait yaradacaq.