Bakı, 20 noyabr, AZƏRTAC “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, peşə təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə Şəki Dövlət Peşə Təhsil Mərkəzində tədbir təşkil olunub. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və tələbələr iştirak ediblər.Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar barədə ətraflı məlumat verilib. Xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının, eləcə də mənəvi-əxlaqi dəyərlərin vacibliyi vurğulanıb. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa göstərdiyi zərərli təsirlər izah edilib.Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə təqdim edilib. “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.