Azərbaycanda neft hasilatı 3,5% azalıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 milyon 235,9 min ton xam neft hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bunun 22 milyon 134 min tonunu əmtəəlik neft təşkil edib. Əmtəəlik neft hasilatı illik müqayisədə 3,7% azalıb. Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır neft ehtiyatı 307,9 min ton olub.

Azərbaycanın əsas neft yataqları bloku olan “Azəri-Çıraq-Günəşli”də (AÇG) isə hasilatın azalması tempinin zəiflədiyi açıqlanıb. Böyük Britaniyanın neft-qaz şirkəti “BP”nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli noyabrın 19-da jurnalistlərə bildirib ki, 2023-cü ildə 12% olan azalma tempi hazırda təxminən 3%-ə enib. Onun sözlərinə görə, ilin sonunadək bu göstəricinin daha da aşağı düşməsi mümkündür.

Aslanbəyli nəticənin yeni texnologiyaların, rəqəmsal həllərin tətbiqi və əməliyyatların optimallaşdırılması hesabına əldə edildiyini bildirib. O, geonaviqasiya, çoxquyulu və üfüqi qazma texnologiyalarının, süni intellektin əməliyyatları daha sürətli həyata keçirməyə imkan verdiyini qeyd edib. Şirkət rəsmisinin sözlərinə görə, büdcə təxminən eyni səviyyədə saxlanılmaqla görülən işlərin həcmi artırılıb.

“BP”nin ilk doqquz ay üzrə hesabatına əsasən, AÇG-dən təxminən 12 milyon ton və ya 87 milyon barel neft hasil olunub. Orta gündəlik hasilat 320 min barel təşkil edib. Dövr ərzində 12 neft hasilatı quyusu, üç su və iki qaz injektor quyusu qazılaraq tamamlanıb.

Üçüncü rübün sonunda “Dərinsulu Günəşli” platformasından sərbəst qaz laylarındakı neft ehtiyatlarını hədəfləyən yeni hasilat quyusu da işə salınıb. Avqustda “Mərkəzi Azəri” platformasında aparılan profilaktik işlər zamanı isə hasilat təxminən altı gün ərzində azaldılsa da, tam dayandırılmayıb.

Neft ixracına gəlincə, Dövlət Statistika Komitəsinin yanvar-sentyabr üzrə məlumatına görə, Azərbaycandan 15 milyon 829,6 min ton xam neft ixrac edilib. İxracın fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azalıb, dəyəri isə 12,6% artaraq 10 milyard 103,5 milyon dollara çatıb.