Müxalifətçilik institutu ilə bağlı yanlış stereotiplər - MÖVQE

Yanlış stereotiplər insanın həyatda adekvat olmasına və obyektiv mənzərəni görməsinə mane olan əsas səbəblərindən biridir. Təsadüfi deyil ki, hələ qədim dövrlərdən etibarən bu günə qədər əhalinin ictimai təfəkküründə konkret məsələ ilə bağlı yanlış stereotiplərin formalaşdırılması metodundan gündəlik siyasətdə geniş istifadə olunur. Əslində, bilərəkdən yanlış stereotiplərin təşviq olunması bilavasitə siyasi manipulyasiyanın təzahürüdür. Siyasətdə isə qərəzli stereotiplərlə mühasirəyə alınmış əsas məfhumlardan biri məhz “müxalifət” təzahürüdür.

Ölkə və dünyada cərəyan edən müəyyən proseslərin mahiyyətinə diqqət yetirəndə bəzən elə təsəvvür formalaşır ki, “müxalifət” məfhumu ilə bağlı yanlış baxışlar təkcə siyasəti kənardan seyr edən insanlarda yox, elə müxalifət nümayəndələrinin özündə də ola bilir. Bəzilərinin özəl “xidmətləri” sayəsində mövcud məsələdə vəziyyət o səviyyəyə qədər çatdırılıb ki, “müxalifətçilik” anlayışı ilk növbədə “düşmənçilik” sözü ilə assosiasiya olunur. Bu cür yanlış təsəvvürlərin mövcudluğu cəmiyyətin xeyrinə işləyən amil deyil. Ən azından ona görə ki, analoji stereotiplər, ilk növbədə, cəmiyyətin ideoloji parçalanmasına xidmət edir.

Həm cəmiyyət, həm siyasətçilərin özləri dövlət, xalq və millət kimi bütövlüyümüzün qorunması naminə bu cür stereotiplərdən uzaqlaşmalıdır. Məsələni daha aydın şəkildə təsəvvür etmək üçün kiçik bir analogiya aparaq. Məgər eyni təhsil sisteminin daxilində fəaliyyət göstərən, misal üçün Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti bir-birinə düşmən olan müxalif ali məktəblərdir? Əlbəttə ki, yox. Onlar eyni təhsil sisteminin parçaları olmaqla ölkədə elmin, təhsilin və yeni peşəkar mütəxəssislərin yetişdirilməsində iştirak edirlər. Vahid qanunvericilik altında universitetlər arasında əməkdaşlıq əlaqələrinin mövcudluğu isə ölkənin təhsil sisteminin və hər bir ali məktəbin ayrı-ayrılıqda fəaliyyətində səmərəliliyinin artmasına xidmət edir. Universitetlər daha gözəl nəticə vermək və daha cəlbedici olmağa çalışırlar ki, həmin məktəblərə qəbul olunmaq istəyənlərin ardı kəsilməsin.

İqtidar 2020-ci ildə ölkədə siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunması prosesinə start verməklə, əslində, bəhs etdiyimiz yanlış və təhlükəli stereotiplərin əhalinin ictimai təfəkküründə daha da dərinləşməsi prosesinə rəsmən STOP demiş oldu. Siyasi dialoq müxalifətçilik institutunu yaradıcı və pozitiv qüvvəyə çevirir. Dialoqsuz mühit isə tam əksinə, müxalifəti cəmiyyəti parçalayan əsas alətə çevirir. Prezident İlham Əliyev 2020-ci ildə müxalifət institutuna dair öz münasibətini bildirən zaman qeyd etmişdir: “Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”. Dövlət və millət cəmiyyəti birləşdirici məfhumlardır, parçalayıcı deyil.

Onsuz da xalqımız tarixdə dəfələrlə parçalanıb. Odur ki, bu cür siyasətə “dur” deməyin vaxtıdır. Elə buna görə də bizim tarixi Qələbəmiz xain qəlblərdə xalqımızı parçalamaq kimi yaramaz arzuları yaşadanların dərdinə çevrilib. Bütövləşmək və özünüdərk zamanıdır. Əlbəttə ki, bu əzəmətli yol yalnız milli birlik və həmrəylikdən keçir. Müdrik xalqımızın gözəl deyimi var: “İstəyən üslub axtarır, istəməyən isə bəhanə”. Odur ki, vətəndaş birliyi və milli həmrəyliyini arzu etməyən qüvvələr hər zaman dialoqda iştirak etməmək üçün bəhanə axtaracaq.

Buna baxmayaraq, müxalifətçilik institutu cəmiyyətdə ixtilaf yaratmaq aləti deyil. Tam əksinə, dövlət və cəmiyyətə xidmət etməyinin alternativ və legitim platformasıdır. Müxalifətçilik institutu haqqında yanlış stereotiplərin yaşanmasında ən böyük pay məhz radikallara və intriqapərəstlərə məxsusdur. Müxalif siyasi partiyaların sırasında dövlət və millətə, habelə milli maraqlara sadiq olan, peşəkar, həmçinin əsl vətənpərvər şəxslərin sayı heç də az deyil. Əlbəttə ki, siyasətdə mövqesiz olan və sadəcə yaranan hər bir vəziyyətdən bəhrələnmək istəyənlər də mövcuddur. Onların dövlət və cəmiyyətə ziyanlığı radikallardan heç də az deyil. Burada gərək mütləq Ulu Öndər Heydər Əliyevin dillər əzbərinə çevrilmiş bir ifadəsini yada salaq: “İnsanın gərək mövqeyi olsun”.