Husilər Səudiyyə Ərəbistanındakı dörd obyektə zərbə endirdiklərini açıqladı

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanında, o cümlədən Ər-Riyadda yerləşən dörd obyektə hücum etdiyini bildirib.

Hərəkatın nümayəndəsi Yəhya Sariya zərbələrin Ər-Riyaddakı maliyyə mərkəzinə və Kral Xalid adına beynəlxalq hava limanına, Cubeyldəki “Sadaf” neft-kimya şirkətinə, eləcə də Xamis-Muşayt hərbi hava bazasına endirildiyini iddia edib.

Sariya xarici investorları Səudiyyə Ərəbistanını dərhal tərk etməyə çağırıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Ər-Riyadda hündürmərtəbəli binaya hücum edildiyini təsdiqləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Reuters”in məlumatına görə, hücum zamanı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun binasına ziyan dəyib.