Paris, 19 noyabr, AZƏRTAC Fransa Avropa səviyyəsində müzakirə olunan miqrantların geri qaytarılması mərkəzlərinin (“return hubs”) yaradılması təşəbbüsündə iştirak etməyəcəyini açıqlayıb. Paris bu qərarını həmin mərkəzlərin təşkilati baxımdan səmərəsiz olması və Fransanın müdafiə etdiyi dəyərlərə uyğun gəlməməsi ilə əsaslandırıb.AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə bildirib. O, Fransanın mövqeyinin dəyişmədiyini vurğulayıb.Sözçünün sözlərinə görə, Avropa İttifaqı bu təşəbbüsdə iştirak etmək istəyən ölkələrə müvafiq imkan yaradır. Lakin belə mərkəzlər Avropa İttifaqının maliyyə dəstəyi olmadan, iştirakçı dövlətlərin milli vəsaitləri hesabına fəaliyyət göstərəcək. Fransa isə bu yanaşmaya qarşı mövqeyini qoruyur.Avstriya, Danimarka, Almaniya, Yunanıstan və Niderland Ruanda ilə birlikdə Avropadan kənarda ilk miqrantların geri qaytarılması mərkəzinin yaradılması imkanlarını nəzərdən keçirdiklərini açıqlayıblar. Layihənin 2027-ci ilədək həyata keçirilməsi nəzərdə tutulur.Birgə bəyanata əsasən, mərkəzdə Avropa İttifaqında qanuni yaşamaq hüququ olmayan və barələrində geri qaytarılma qərarı qəbul edilmiş miqrantların yerləşdirilməsi planlaşdırılır. Onlara Ruanda cəmiyyətinə inteqrasiya etmək, könüllü şəkildə öz ölkələrinə və ya qanuni yaşamaq hüququna malik olduqları digər ölkələrə qayıtmaq imkanı yaradılacaq.