“Barselona” qış transfer pəncərəsində müdafiəçi ala bilər – Deko AÇIQLADI

“Barselona” klubunun idman direktoru Deko qış transfer pəncərəsində yeni futbolçuların alınmasının mümkünlüyünü istisna etməyib.

Klub rəsmisi xüsusilə müdafiə xəttinin gücləndirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.

Deko Kataloniyanın “Catalunya Radio” radiosuna müsahibəsində deyib ki, futbolçuların zədələnməsi komandanın planlarına təsir göstərib. Buna görə də rəhbərlik baş məşqçi Hans-Diter Fliklə birlikdə vəziyyəti təhlil etməli və mümkün addımları müəyyənləşdirməlidir.

O, yanvar ayında transfer həyata keçirmək üçün klubun hansı mövqelərə ehtiyac duyduğunu və maliyyə imkanlarının buna nə dərəcədə şərait yaratdığını dəqiq bilməli olduqlarını vurğulayıb.

Deko həmçinin komandanı gücləndirmək istəyərkən hazırkı heyətdəki faydalı futbolçuları itirmək niyyətində olmadıqlarını bildirib.

Klub rəsmisi Ronald Arauxonun gələcəyi ilə bağlı suala da münasibət bildirib. Onun sözlərinə görə, uruqvaylı müdafiəçinin qərarına hörmətlə yanaşırlar və əsas istəkləri futbolçunun özünü xoşbəxt hiss etməsidir.

Məlumata görə, “Liverpul”un mövsümün sonunda Arauxonu təxminən 55 milyon avroya transfer etmək hüququ var.