“Deyirdi ki, niyə adımdan istifadə edib heç yerdə demirsiniz ki, mən sizin nənənizəm?” - FOTO+ÖZƏL

“Bu il mənim üçün həyatımın ən ağır illərindən biri oldu. Düz bir il əvvəl həyatımın ən dəyərli insanlarından birini- mənim əziz nənəmi itirdim. Həmin vaxt işim və təhsilimlə əlaqədar vətəndən kənarda, xaricdə idim. Bu xəbəri aldığım səhər həyatımın ən dəhşətli səhəri oldu. Xəbəri çox ağır qarşıladım və o an anladım ki, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Vətəndən uzaqda olsam da, nənəmlə hər gün danışırdıq. Sonuncu telefon danışığımız vəfatından cəmi üç gün əvvəl olmuşdu. Sanki nəsə hiss edirdi… Mənə Bakıya qayıtmağımı, başqa ölkədə nə işim olduğunu deyirdi. Mən isə ona bir aydan sonra, Yeni il bayramında mütləq gələcəyimi və Yeni ili birlikdə keçirəcəyimizi söylədim. Heç ağlıma da gəlməzdi ki, bu, bizim sonuncu danışığımız olacaq”

Bunu açıqlamasında görkəmli rəqqasə, Xalq artisti, “Şöhrət” ordenli Roza Cəlilovanın nəvəsi Aslana Əliyeva deyib. O daha sonra əlavə edib:

“Nənəm mənim ilk müəllimim, rəqs sənətinə gəlməyimin səbəbi və ən böyük ilham mənbəyim idi. Bu gün mən kiməmsə, onun mənə aşıladığı sevginin, zəhmətin və sənətə bağlılığın nəticəsidir. Bu böyük itkidən sonra bir şeyi çox dərindən anladım: sevdiklərimizin qədrini onlar yanımızda olarkən bilməliyik. Çünki bəzən bir daha eşidə bilməyəcəyimiz bir səs, bir daha təkrarlanmayacaq bir söhbət son xatirəmizə çevrilir. Bu gün nənəm yanımda olmasa da, hər dəfə səhnəyə çıxanda onu hiss edirəm. Mənim üçün onun adını, sənətini və mirasını yaşatmaq ən böyük məsuliyyətdir. Nənəm, sənin başladığın yolu davam etdirmək mənim üçün ömürlük bir borcdur” deyə mərhum sənətkarın nəvəsi bildirib.

Xalq artistinin digər nəvəsi Lenay Seidəli-zadə isə saytımıza açıqlamasında bildirib ki, hər xoş günündə nənəsi yanında olub və onu dəstəkləyib:

“Bu gün mənim üçün həyatımın ən əziz insanlarından birinin yoxluğunun birinci ildönümüdür. Nənəmlə mənim aramda həmişə çox xüsusi, çox güclü bir bağ olub. Biz sadəcə nənə və nəvə deyildik. Mən bütün uşaqlığımı, tələbəlik illərimi, gəncliyimin ən gözəl anlarını onunla birlikdə yaşamışam. Fikirlərimizi, arzularımızı, ümidlərimizi, sevincimizi, narahatlıqlarımızı, hətta ən gizli sirlərimizi belə bir-birimizlə bölüşərdik. Bir-birimizə hər şeyi danışardıq. O, mənim üçün həm nənəm, həm ən yaxın dostum, həm də həyatım boyu məsləhətinə ehtiyac duyduğum ən doğma insan idi. Gündəlik həyatımız belə bir-birimizlə bağlı idi. Səhərlər işə gedəndə mütləq zəngləşərdik. İlk söhbətlərimizdən biri günün planları haqqında olardı: bu gün nə edəcəyik, hara gedəcəyik, kimə baş çəkəcəyik? İşdə olduğum vaxt nəyəsə ehtiyacı olduğunu söyləyəndə, dərhal icazə alıb yanına qaçardım. İşdən sonra hara gedəcəyimi düşünməyə ehtiyac yox idi - yolum çox vaxt nənəmgilə düşürdü. Hər çıxışım, çəkilişim, müsabiqəm və yeni layihəm öncəsi onunla birlikdə hazırlaşardıq. Fikirlərimi onunla bölüşməyi, hər şeyi müzakirə etməyi, tövsiyələrini dinləməyi çox sevirdim. Bu gün də onun mənə verdiyi məsləhətlərin hər biri yaddaşımda yaşayır. Həyatımın müxtəlif anlarında qərar verərkən onun sözlərini xatırlayıram. Bəzən düşünürəm ki, indi yanımda olsaydı, mənə nə deyərdi? Onun tövsiyələri həyatım boyu mənə yol göstərəcək. Bir hissimi isə bu gün ilk dəfə bölüşmək istəyirəm. Altı yaşımdan etibarən içimdə nənəmi itirmək qorxusu yaşayırdı. Həmişə bundan qorxmuşam, amma heç vaxt bu barədə heç kimə danışmamışam. İllər keçdikcə bu qorxu daha da artırdı. Çünki nənəm mənim həyatımda o qədər böyük yer tuturdu ki, onsuz bir həyat təsəvvür etmək mənim üçün çox çətin idi. 19 noyabr 2025-ci il mənim həyatımda hər şeyi dəyişən bir tarix oldu. Həyatım sanki nənəmlə olan və ondan sonrakı dövrə bölündü. O gündən bəri dəfələrlə keçmişə qayıtmış, özümə, Allaha, ətrafımdakı insanlara çoxlu suallar vermişəm. Bəzi sualların cavabını isə bəlkə də heç vaxt tapa bilməyəcəyəm. Nənəmdən sonra ən çox darıxdığım şeylərdən biri bizim adi, gündəlik həyatımızdır. Səhər zənglərimiz, gəzməyə getməklərimiz, birlikdə qurduğumuz planlar, söhbətlərimiz, bir-birimizə danışacağımız yeniliklər… Həmin günlər mənim üçün nə qədər qiymətli imiş. İndi bunu daha dərindən anlayıram” deyə sənətkarın nəvəsi bildirib.

Sənətkarın qızı Yeganə Aslanova Moderator.az-a açıqlamasında bildirib ki, anasının sağlığında qəlibdən çıxarılmış əl heykəlləri məzarı üstündə sərgilənir:

“Bu gün onun xatirəsinə ailəmiz adından xüsusi bir yadigar təqdim edirik. Burada gördüyünüz əllər anamın sağlığında götürülmüş əsl əl qəlibindən hazırlanıb. Bu, onun öz əlləridir- illərlə səhnədə rəqs edən, sənət yaradan, Azərbaycan xalq rəqsinin gözəlliyini dünyaya çatdıran əllər. Abidənin üzərində isə onun öz xətti ilə yazılmış imzası əks olunub. Bizim üçün bu yadigarın mənəvi dəyəri ölçüyəgəlməzdir. Çünki burada yalnız onun obrazı deyil, özündən bir parça, toxuna bildiyimiz bir xatirə yaşayır. Anam bizim üçün hər şeydən əvvəl sevimli ailə üzvümüz, anamız və nənəmizdir. Onun sənəti, ömrü boyu gördüyü işlər, Azərbaycan mədəniyyətinə verdiyi töhfələr isə bütöv bir xalqın yaddaşına məxsusdur. Mənim-bir övlad kimi və qızlarımın üzərinə düşən məsuliyyəti çox yaxşı anlayırıq. Onun adının, xatirəsinin və zəngin irsinin qorunması bizim üçün həm böyük şərəf, həm də mənəvi borcdur. Biz bu missiyanı layiqincə davam etdirmək, onun adının ətrafında yaranmış o nurlu işığı qorumaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün anamdan bizə qalan ən böyük miras onun mənəviyyatı, Vətənə, insanlara, insan ləyaqətinə, hörmətə, izzətə və sevgiyə olan münasibətidir. Bunlar elə mənəvi dəyərlərdir ki, heç bir maddi sərvətlə müqayisə oluna bilməz. Bu, hətta ən qiymətli maddi mirasdan da daha böyük və daha əziz bir mirasdır. Biz bu baxımdan həqiqətən çox zəngin insanlarıq, çünki onun mənəvi irsinin varisləriyik. Bir ana kimi məni xüsusilə sevindirən odur ki, nə mən, nə də övladlarım heç vaxt onun adından, nüfuzundan istifadə edərək özümüz üçün nəsə əldə etməyə çalışmamışıq. Biz öz yolumuzu öz zəhmətimizlə açmağa çalışmışıq. Hətta bəzən təəccüblə deyirdi: “Siz niyə heç yerdə demirsiniz ki, mən sizin nənənizəm?” Bu da onun böyüklüyünü göstərirdi. O, bizim üçün sadəcə məşhur və böyük sənətkar deyil, hər şeydən əvvəl sevdiyimiz, hörmət etdiyimiz və mənəvi dəyərlərini özümüzlə daşıdığımız şəxsiyyət idi” deyə o bildirib.