Pərvanə Vəliyeva: Ağdam Azərbaycanın mədəniyyət torpağıdır

20 Noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

"Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynamışdır. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur.

Ağdam həm də Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş sənətkarların, ziyalıların, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin yetişdiyi torpaqdır. Muğam ənənələri, Qarabağ musiqi mühiti, xalçaçılıq və xalq sənətkarlığı şəhərin mədəni simasının formalaşmasında mühüm rol oynamışdır".

P. Vəliyeva qeyd edib ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz Ağdamın da taleyində ağır və faciəli izlər buraxmışdır. Birinci Qarabağ müharibəsi dövründə şəhər və rayon əhalisi ciddi təhlükələrlə üzləşmiş, yaşayış məntəqələri artilleriya atəşlərinə məruz qalmış, minlərlə insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun böyük hissəsini işğal etmişdir. Nəticədə Ağdam şəhəri və rayonun əksər yaşayış məntəqələri dağıdılmış, dinc əhali öz doğma torpaqlarından didərgin düşmüşdür.

"İşğal illərində Ağdam Azərbaycanın ən ağır dağıntılara məruz qalmış yaşayış məntəqələrindən birinə çevrilmişdir. Vaxtilə inkişaf etmiş infrastruktura, sənaye müəssisələrinə, məktəblərə, mədəniyyət ocaqlarına və yaşayış binalarına malik olan şəhər xarabalığa çevrilmişdir. Ağdam Cümə məscidi isə işğal dövründə şəhərin ağır taleyinin və xalqımızın mənəvi irsinə qarşı törədilmiş vandalizmin simvollarından birinə çevrilmişdir. Ağdamın işğal altında olduğu illər Azərbaycan xalqının yaddaşında yalnız itkilər və dağıntılarla deyil, həm də dözüm, birlik və mübarizə əzmi ilə yadda qalmışdır.

Azərbaycan xalqının müasir tarixində mühüm dönüş nöqtəsi olan 2020-ci il Vətən müharibəsi Ağdamın azad edilməsinə də tarixi zəmin yaratdı. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun böyük hərbi uğurları ilə nəticələndi. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan bir sıra şəhər, qəsəbə və kəndlərimizi azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və Ermənistan hərbi-siyasi baxımdan məğlubiyyətini qəbul etməyə məcbur oldu.

20 noyabr 2020-ci il tarixdə Ağdam rayonu, o cümlədən Ağdam şəhəri Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı. Bu hadisə Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələrindən biri olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş ağdamlıların qayıdış ümidlərinin gerçəkləşməsinə yol açdı.

Həmin gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki Ağdamın azad olunması yalnız bir rayonun ərazi bütövlüyünün bərpası deyil, həm də onilliklər ərzində öz doğma yurdunun həsrəti ilə yaşayan insanların mənəvi qələbəsi idi.

2020-ci il noyabrın 23-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etmişlər. Ölkə Başçısı İlham Əliyev Ağdam Cümə məscidini ziyarət etmiş, şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu səfər Ağdamın yeni tarixinin başlanğıcını simvolizə edən mühüm hadisələrdən biri olmuşdur. Dövlət Bayrağının Ağdam səmasında dalğalanması Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixi torpaqlarına sahib çıxmaq əzminin təntənəsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 20-si Ağdam şəhəri günü kimi təsis edilmişdir. Bu Sərəncam işğaldan azad edilmiş ərazilərdə tarixi hadisələrin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm dövlət qərarıdır.

Ağdamın azad edilməsindən sonra Dövlətin qarşısında duran əsas vəzifələrdən biri uzun illər ərzində dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olmuşdur. Azərbaycan dövləti tərəfindən Ağdamda genişmiqyaslı quruculuq və abadlıq layihələrinin həyata keçirilməsinə başlanılmışdır.

Şəhərin gələcək inkişafı müasir urbanizasiya prinsipləri, ekoloji yanaşma, dayanıqlı iqtisadiyyat və innovativ texnologiyalar əsasında planlaşdırılmışdır. Ağdamın Baş planı əsasında şəhərdə yeni yaşayış massivlərinin, inzibati binaların, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət məkanlarının, sənaye və xidmət obyektlərinin yaradılması nəzərdə tutulmuşdur.

Hazırda Ağdam şəhərinin bərpası çərçivəsində müasir şəhər infrastrukturunun yaradılması, yaşayış və sosial obyektlərin tikintisi, iqtisadi potensialın bərpası, tarixi-mədəni irsin qorunması, ekoloji mühitin yaxşılaşdırılması və bu kimi istiqamətlərdə mühüm işlər aparılır. Bununla yanaşı, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, ərazilərin təhlükəsizliyinin təmin olunması quruculuq prosesinin əsas şərtlərindən biridir.

Bundan başqa, rəsmi mənbələrin məlumatına görə, Ağdamda Bərdə-Ağdam avtomobil yolu, elektrik yarımstansiyası, dəmir yolu və avtovağzal kompleksi, regional rəqəmsal idarəetmə mərkəzi və digər mühüm infrastruktur obyektləri üzrə layihələr həyata keçirilmişdir.

Ağdamın gələcək inkişafında ən mühüm istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi, yolların salınması və infrastrukturun yenilənməsi ilə deyil, həm də burada insanların yaşaması, işləməsi, ailə qurması və gələcək nəsillər yetişdirməsi ilə mümkündür.

Bu baxımdan Ölkə Başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasını, həmin ərazilərdə müasir həyat şəraitinin yaradılmasını və iqtisadi fəallığın bərpasını təmin etməkdir.

Doğma evlərinə qayıdan sakinlər üçün yaradılan şərait Ağdamın sosial həyatının yenidən canlanmasına, ailə və icma münasibətlərinin bərpasına, şəhərin iqtisadi və mədəni həyatının inkişafına xidmət edir. Ağdamın dirçəlişi bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Şəhərin gələcəkdə mühüm sənaye, logistika, kənd təsərrüfatı, ticarət və xidmət mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur.

Ağdamın iqtisadi inkişafının əsas istiqamətlərindən biri Ağdam Sənaye Parkının fəaliyyətidir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu park işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə xidmət edir. Bununla yanaşı, Ağdamın kənd təsərrüfatı potensialının bərpası, müasir suvarma sistemlərinin qurulması, taxılçılıq, üzümçülük, heyvandarlıq və digər aqrar sahələrin inkişafı da mühüm əhəmiyyət daşıyır.

Ağdamın işğaldan azad olunması uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Birinci Qarabağ müharibəsində Ağdamın müdafiəsi zamanı, habelə, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmamalıdır. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan dövlətinin müstəqilliyinin, xalqımızın azadlığının və ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynamışdır".