Bakı, 19 noyabr, AZƏRTAC İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimiz bu ərazilərdə ardıcıl və sistemli tədbirlər görür. Burada reallaşdırılan layihələr yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda əsas hədəflərdən biri bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsi, regional əməkdaşlığın genişləndirilməsidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın qısa müddətdə böyük işlər gördüyünü və qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini göstərir. Azərbaycan müharibədən sonrakı dövrdə bir neçə mühüm vəzifəni qarşıya qoyub. Bunlardan ən başlıcası qazanılmış Zəfərin möhkəmləndirilməsi idi. Biz müharibəni başa çatdırdıqdan sonra bölgədə fərqli vəziyyət yaranmışdı. Sülhə mane olmağa çalışan qüvvələr var idi. Lakin artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub, Qələbəmiz möhkəmləndirilib və işğaldan azad edilmiş ərazilərimiz dirçəldilir. Qısa müddətdə böyük quruculuq işləri görülüb. Qazanılmış Zəfər və bölgədə yaranan yeni reallıqlar qarşıda mühüm imkanlar açır. Bu imkanlardan biri region ölkələri arasında daha sıx əməkdaşlığın qurulması, digəri isə kommunikasiyaların açılmasıdır. Sülhün təmin olunması bütün bölgə dövlətlərinin inkişafı və qarşılıqlı əlaqələrinin genişlənməsi üçün yeni perspektivlər yaradır.“Qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bununla yanaşı, Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklər etməsi vacib şərtlərdəndir. Bu gün bölgə dövlətlərinin daha çox inkişaf etməsi, irəli getməsi və sıx əməkdaşlıq qurması üçün geniş potensial və imkanlar var. Lakin bunun reallaşması üçün, ilk növbədə, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, konstitusiyasında dəyişiklik etməli, kommunikasiyaların, o cümlədən dəhlizin açılmasına şərait yaratmalı və digər mühüm addımlar atmalıdır. Azərbaycanın hazırda həyata keçirdiyi işlər və əldə etdiyi nailiyyətlər ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Qarşıya qoyulan məqsədlərə nail olunduqca Azərbaycanın uğurları daha da artacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlər əldə edəcək”, - deyə deputat bildirib.