Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Sakinlərin təxliyəsi üçün müraciət olunub

Badamdar şosesində torpaq sürüşməsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və FHN-in əməkdaşlarının iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.

Qeyd edilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən APA-ya bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılıb.

Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.