Kardiologiya İnstitutunda peşə etikası ilə bağlı tədbir keçirilib

Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən İnstitutun direktoru, professor Gülnaz Dadaşova peşə etikası prinsiplərinə riayət etməyin və pasiyentlərlə hörmətli, aydın ünsiyyət qurmağın tibbi xidmətin keyfiyyətində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra İnstitutun baş həkimi Afiyəddin İskəndərov tibb işçilərinin gündəlik fəaliyyətində peşə etikasının, məsuliyyətin, intizamın və komanda işinin əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində rezident həkim Aysel İsazadə tərəfindən “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təqdimat keçirilib.

İnstitutun tibb bacılarının və klinik şöbə rəhbərlərinin iştirak etdiyi tədbirdə pasiyentlərlə ünsiyyətin əsas prinsipləri, etik davranış qaydaları, komanda işi, tibbi sirrin qorunması və iş geyiminə dair tələblər müzakirə olunub.

Tədbirin məqsədi tibb işçilərinin peşəkar davranış mədəniyyətini gücləndirmək, İnstitutun şöbələrində etik prinsiplərin vahid şəkildə tətbiqini təşviq etmək və pasiyent məmnuniyyətinin artırılmasına töhfə vermək olub.