Naxçıvan Ali Məclisi gələn ilin büdcəsini I oxunuşda müzakirə edəcək

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin komitələrinin birgə iclasında 2027-ci ilin büdcəsi müzakirə olunaraq I oxunuşda baxılmaq üçün Ali Məclisin növbəti iclasının müzakirəsinə təqdim edilib.

Gələn il Naxçıvanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.

Sənədə əsasən, gəlirlərin 38,8 %-ni və yaxud 198 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və yaxud 6,4 % azdır. Naxçıvanın öz gəlirləri isə cari illə müqayisədə 40,4 milyon manat və yaxud 14,9 % artımla – 312 milyon manat proqnozlaşdırılır.

İclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qeyd edib ki, gələn il büdcə gəlirləri bu illə müqayisədə 5,6 milyon manat və yaxud 1,8 % artımla proqnozlaşdırılıb.

Sonra Naxçıvanın maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə ətraflı məlumat veriblər. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli isə büdcə layihəsinə dair Palatanın rəyini təqdim edib.