Lənkəran, 19 noyabr, AZƏRTAC İstehlakçı müraciətlərinin əksəriyyətini qüsurlu malların satışı ilə bağlı müraciətlər təşkil edir.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda media təlimdə deyib.O bildirib ki, bu ilin 10 ayında ən çox istehlakçı müraciətləri 2122 ədəd olmaqla qüsurlu malların satışı ilə bağlı olub. “Hesabat dövründə xidmətlərin keyfiyyətsiz və qüsurlu olması ilə əlaqədar 1684, digər istehlakçı hüquqlarının pozulması üzrə 1483, müqavilə şərtlərinin pozulması ilə bağlı isə 1097 müraciət qeydə alınıb. Həmçinin istehlakçının tələbi ilə lazımi keyfiyyətdə malın dəyişdirilməməsi və ya qaytarılmaması hallarına görə 608, istehlakçıların aldadılması ilə bağlı 577, sair müraciətlər üzrə 452, ödənilmiş vəsaitin geri qaytarılmaması ilə bağlı 242, keyfiyyətsiz sertifikatsız malların satılması ilə əlaqədar 184 və istehlakçılara mal/xidmət haqqında məlumat verilməməsi üzrə 183 müraciət daxil olub”, - deyə şöbə müdiri vurğulayıb. Y.Tapdıqlı bildirib ki, digər pozuntu növləri üzrə göstəricilər nisbətən az olub: “Saxlama müddəti ötmüş məhsulların satılması ilə bağlı 62, qiymət intizamının pozulması üzrə 44, dərmanların satış qaydalarının pozulması ilə əlaqədar 9, keyfiyyətsiz dərman vasitələrinin satılması üzrə isə 7 müraciət daxil olub. Dövlət Agentliyi 10 ayda 41 protokol tərtib edib. Satılmış malın dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması üzrə 2, elektron siqaretlərin və yaxud onların komponentlərinin satışı və yaxud satış məqsədilə saxlanılması üzrə 1, qiymət intizamının pozulması üzrə 1, malların, işlərin və xidmətlərin qiymətinin manatda göstərilməməsi üzrə 1, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması üzrə 1, standartların tələbinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi üzrə 1, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi üzrə 1 protokol tərtib edilib”.