Xəzər sahili ilə bağlı müraciətlərə baxılması qaydası dəyişir

“İstər biznes, istər vətəndaş, istər ictimai qurumlar, istərsə də həmin ərazidə fəaliyyət göstərmək istəyən dövlət orqanları müraciətlərini və hesabatlarını məhz bir sistem üzərindən həyata keçirəcəklər”.

Bu fikirləri Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev “Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yeni mexanizm sahilboyu ərazilərin idarə edilməsində vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.

İ.Həbiyev qeyd edib ki, müraciətlərə baxılması zamanı dövlət qurumları bir-birinin rəyini gözləmədən operativ şəkildə münasibət bildirə biləcəklər.

“Bir müraciət eyni vaxtda dövlət orqanları üçün istər rəy vermək, istər razılıq, istərsə də baxış üçün açıq olacaq. Hər biri bir-birini gözləmədən operativ və çevik qaydada öz münasibətini bildirəcək”, - deyə o vurğulayıb.