Bu ilin ilk 10 ayında istehlakçılara 315 min manata yaxın vəsait qaytarılıb

Lənkəran. Trend:

2026-cı ilin yanvar–oktyabr aylarında 2 399 istehlakçı müraciəti təmin edilib və istehlakçılara 314 997,5 manat vəsait qaytarılıb.

Trend-in müxbiri xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.

Onun sözlərinə görə, 2025-ci ilin eyni dövründə 2 105 istehlakçı müraciəti təmin edilib və 301 792,1 manat vəsait qaytarılıb.

Bu ilin ilk 10 ayında Agentliyin icraatında 9 260 müraciət olub. Onlardan 8 766-sı yeni daxil olub, 494-ü isə əvvəlki ildən qalıb. Ötən ilin eyni dövründə icraatda olan 7 053 müraciətin 6 390-ı yeni, 663-ü əvvəlki ildən qalan müraciətlər olub.

2026-cı ilin yanvar–oktyabr aylarında Agentlikdə 6 080 müraciətə baxılması yekunlaşıb, 2 312 müraciət aidiyyəti orqanlara göndərilib, 868 müraciət üzrə isə icraat növbəti aylarda davam etdirilib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 5 032, 1 560 və 461 olub.

Hesabat dövründə 41 protokol tərtib edilib. Ötən ilin ilk 10 ayında isə bu göstərici 51 olub.