Bakı, 19 noyabr, AZƏRTAC Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə və regional iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert Soner Kılıç bildirib.Ekspert qeyd edib ki, qlobal iqtisadiyyatda təchizat zəncirlərinin şaxələndirilməsi, yükdaşımaların daha sürətli və təhlükəsiz təşkili, alternativ nəqliyyat marşrutlarının yaradılması getdikcə daha böyük əhəmiyyət kəsb edir. “Belə bir şəraitdə Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı və inkişaf edən nəqliyyat infrastrukturu ölkəni beynəlxalq logistika sisteminin mühüm iştirakçılarından birinə çevirir. Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz beynəlxalq yükdaşımalar üçün yeni imkanlar yaradır. Bu marşrutun inkişafı Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkənin Şərqlə Qərb arasında iqtisadi əlaqələrin qurulmasında rolunu da genişləndirir. Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyalar bu prosesin əsas dayaqlarındandır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil yolları şəbəkəsinin modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti ölkənin beynəlxalq yükdaşımalar sistemində iştirakını gücləndirir”, - deyə Soner Kılıç vurğulayıb.İqtisadçı-ekspert bildirib ki, infrastrukturun inkişafı yalnız tranzit gəlirlərinin artması baxımından deyil, həm də yeni investisiyaların cəlb edilməsi, məşğulluğun genişləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir: “Logistika mərkəzlərinin, anbar və yükdaşıma xidmətlərinin genişlənməsi ölkədə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına şərait yaradır. Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi regional əməkdaşlığa da müsbət təsir göstərir. Xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında nəqliyyat bağlantılarının gücləndirilməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına xidmət edir”.Soner Kılıç qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri mövcud nəqliyyat infrastrukturunun səmərəliliyini daha da artırmaq, gömrük və sərhəd-keçid prosedurlarını sadələşdirmək, rəqəmsal logistika həllərini geniş tətbiq etməkdir. Bu istiqamətlərdə görülən işlər Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəltməklə yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət sistemində mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək.