Bakı, 19 noyabr, AZƏRTAC Paytaxtda yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər ictimai nəqliyyatı da əhatə edir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqforun quraşdırılması nəzərdə tutulub.AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. O qeyd edib ki, ilkin mərhələdə işıqforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan “L” tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqofor quraşdırılacaq.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ işıqforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.