Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yazıçı Ülkər Ayçiçəyin “Hekayələr sehrində” kitabının təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, əlil arabasından istifadə edən Ülkər Ayçiçək yaradıcılıq fəaliyyətini fəal şəkildə davam etdirir, düşüncə və hisslərini, həyat təcrübəsini ədəbiyyat vasitəsilə oxucularla bölüşür.Tədbirdə mərkəzin direktoru Anna İbrahimbəyova Ülkər Ayçiçəyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. O, kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində hər zaman həssas və cəmiyyət üçün əhəmiyyətli mövzulara toxunulur. Onun sözlərinə görə, son dövrlər İçərişəhərdə hərtərəfli yanaşma ilə hazırlanan, dərin məzmunlu və mənalı tədbirlər keçirilir.Hicran Hüseynova bildirib ki, hər bir insanın həyatında çətinliklər və problemlər ola bilər. Belə məqamlarda ailənin, xüsusilə də valideynlərin dəstəyi mühüm əhəmiyyət daşıyır. O, kitabın müəllifini təbrik edərək yaradıcılıq uğurları arzulayıb.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhəri daha cəlbedici və daim ziyarət olunan məkana çevirmək məqsədilə müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, infrastrukturun yenilənməsi, yolların bərpası, mədəni tədbirlər üçün imkanların genişləndirilməsi, qalereyaların və rəssamlar üçün yaradıcılıq məkanlarının yaradılması bu istiqamətdə görülən işlərdəndir. O, yeni layihələrin İçərişəhərin mədəni həyatını daha da zənginləşdirəcəyinə əminliyini ifadə edib.Peşə-Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova Ülkər Ayçiçəyin şəxsiyyəti və yaradıcılığı barədə danışıb. O bildirib ki, müəllif çətinliklərə baxmayaraq yaradıcılıq fəaliyyətini davam etdirir, düşüncə və hisslərini, həyat təcrübəsini ədəbiyyat vasitəsilə oxucularla bölüşür. O, Ülkərin yaradıcılığında ümid və özünəinam mövzularının xüsusi yer tutduğunu vurğulayaraq ona yeni uğurlar arzulayıb.“Hekayələr sehrində” kitabında insan taleləri, səmimi duyğular, ümid və özünəinam mövzuları əksini tapıb.Təqdimat zamanı qonaqlar müəlliflə yaxından tanış olub, kitabın yaranma tarixçəsi, ədəbiyyat və yaradıcılıq barədə məlumat alıblar.Tədbir bədii hissə ilə davam edib. Müxbir - Günel Alıyeva Fotoqraf - Nicat Həşimov
Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub
Mənbə: azertag.az/xeber/mehdudiyyetleri_asan_yaradiciliq_ulker_aychicheyin_kitabi_teqdim_olunub-4516716