Bahalı proqram təminatı kibertəhlükəsizliyi təmin etmir.
Bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Akif Bağırov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD 2026) çərçivəsində panel müzakirələrdə bildirib.
"Kibertəhlükəsizlik dedikdə ağıla mürəkkəb texnologiyalar və bahalı proqram təminatları gəlir. Bəli, texnologiya bu sahənin ayrılmaz hissəsidir. Ancaq təcrübə və qlobal insidentlərin təhlili göstərir ki, texnologiya təkbaşına təhlükəsizliyi təmin etmir. Kibertəhlükəsizlik sadəcə texnoloji problem deyil, həm də təşkilatın fəaliyyətinin, iş proseslərinin, bütövlüyünün və yetkinlik səviyyəsinin göstəricisidir. Əgər bir təşkilatda kibertəhlükəsizliyi davamlı və dayanıqlı sistemə çevirmək istəyiriksə, üç təməl sütuna ehtiyacımız var. Bunlar rəhbərliyin dəstəyi, düzgün maliyyə investisiyaları və peşəkar komandadır", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, kibertəhlükəsizlik təşkilatın biznes strategiyasının tərkib hissəsi olmalıdır: "Hər bir təşkilatda mədəni dəyişiklik yuxarıdan aşağıya doğru baş verir. Əgər rəhbərlik kibertəhlükəsizliyi sadəcə texniki şöbənin işi kimi görürsə, həmin təşkilatda real təhlükəsizlikdən danışmaq mümkün deyil. Rəhbərliyin dəstəyi iclaslarda sadəcə "kibertəhlükəsizlik bizim üçün vacibdir" deməklə yekunlaşmamalı, konkret addımlarla özünü göstərməlidir.
Rəhbərlik kibertəhlükəsizliyi təşkilatın ümumi fəaliyyət prosesləri və biznes strategiyası ilə inteqrasiya etməlidir. Yeni rəqəmsal xidmət yaradılırsa, kibertəhlükəsizlik sonda yada düşən bir detal deyil, ilkin mərhələdən nəzərə alınan əsas şərt olmalıdır".
"Risklərin qiymətləndirilməsi və müvafiq risk indikatorlarının müəyyənləşdirilməsidir. Terminlə ifadə etsək, söhbət əsas risk indikatorlarından (Key Risk Indicators – KRI) gedir. Rəhbərlik təşkilatın üzləşə biləcəyi kiber risklərin mütəmadi izlənilməsini tələb etməli və təşkilatın risk iştahasını, yəni hansı risklərin hansı səviyyədə qəbul edilə biləcəyini müəyyən etməlidir. Burada vacib bir məqam var. Kibertəhlükəsizlik çox spesifik və dərin texniki biliklər tələb edən sahədir. Rəhbərliyin bu texniki detalları bilməməsi tamamilə normaldır. Lakin mövcud kiber təhlükələrin və risklərin təşkilat üçün nə ifadə etdiyi rəhbərliyə tam aydın olmalıdır. Məhz bu səbəbdən mürəkkəb texniki terminləri biznes dilinə çevirən əsas risk indikatorlarının müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, rəhbərlik KRI-ları və onların arxasında dayanan biznes və əməliyyat risklərini aydın şəkildə anladıqda kibertəhlükəsizlik təşəbbüslərinə daha çox dəstək verir. Buna görə də kibertəhlükəsizlik sahəsində müvafiq səlahiyyətli şəxslər fəaliyyətlərində rəhbərliyin dəstəyini təmin etmək və bu sahədə inkişafa nail olmaq istəyirlərsə, ilk növbədə risk indikatorlarının düzgün formalaşdırılmasına diqqət yetirməlidirlər", - deyə o qeyd edib.
Bundan başqa, A.Bağırov deyib ki, kritik sistemlərdəki boşluqların aradan qaldırılması müddəti və yaxud fişinq testlərində uğursuz nəticə göstərən əməkdaşların faiz nisbəti konkret indikatorlar ola bilər: "Bu rəqəmlərin arxasında birbaşa əməliyyat riskləri dayanmalıdır. Belə ki, boşluqlar vaxtında aradan qaldırılmadıqda əsas əməliyyat sistemlərinin dayanması maliyyə itkisinə səbəb ola bilər. Fişinq testlərində uğursuzluq göstəricisinin yüksək olması isə konfidensial məlumatların sızması və nəticədə təşkilatın nüfuzuna zərər dəyməsi riskini artırır. Bu yanaşma rəhbərliyə texniki incəliklərə varmadan təhlükəsizlik vəziyyətini rəqəmlərlə görməyə, real mənzərəni anlamağa və düzgün, vaxtında strateji qərarlar qəbul etməyə imkan yaradır. Kibertəhlükəsizliyə cavabdeh olan rəhbər şəxsin birbaşa idarə heyətinə çıxışı olmalıdır. Onun səsi eşidilməli və qərarvermə mexanizmlərində kifayət qədər çəkisi olmalıdır. Bu prosesin effektiv işləməsi üçün təşkilat daxilində müvafiq idarəetmə komitələri yaradılmalı, onların səmərəli fəaliyyəti təmin edilməlidir. Həmin komitələrlə biznes şöbələri ilə təhlükəsizlik komandası arasında ortaq müzakirə platforması formalaşdırılmalı, risklərin kollegial şəkildə qiymətləndirilməsinə imkan yaradılmalıdır. Təhlükəsizlik qaydaları təşkilatda ən sıravi əməkdaşdan tutmuş baş direktoradək hər kəs üçün eyni dərəcədə keçərli olmalıdır. Rəhbərlik özü iki faktorlu autentifikasiyadan istifadə edirsə, təhlükəsizlik təlimlərində iştirak edirsə, bununla əməkdaşlara mühüm mesaj vermiş olur: təhlükəsizlik hamımızın məsuliyyətidir".