Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirib. Belə ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olub, uzun illər davam edən işğala son qoyulub və xalqımızın milli birliyini, dövlətimizin siyasi iradəsini, hərbi qüdrətini bütün dünyaya nümayiş etdirib. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədalətin bərpası olduğuna diqqət çəkib. Deputat qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən həlledici hadisəyə çevrilib. Bundan sonra 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Beləliklə, ölkəmiz münaqişənin hərbi-siyasi nəticələrini aradan qaldıraraq yeni inkişaf mərhələsi açıb. “Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin təsdiqlədiyi Böyük Qayıdış Proqramı isə bu istiqamətdə sistemli fəaliyyətin əsasını qoydu. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas məqsəd azad olunan ərazilərdə dayanıqlı yaşayışın, məşğulluğun, təhsilin, səhiyyənin və iqtisadi fəaliyyətin təmin edilməsidir. Təsadüfi deyil ki, bu gün azad olunmuş ərazilərdə 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır. Sənaye parklarının, aqrar müəssisələrin və turizm infrastrukturunun yaradılması Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyasına xidmət edir”, - deyə deputat bildirib.Könül Nurullayeva müharibədən sonrakı dövrün digər mühüm istiqamətinin regionda davamlı sülhün təmin edilməsi olduğunu deyib: “Ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması bu istiqamətdə mühüm mərhələ oldu. Regional kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradıb.Azərbaycanın təşəbbüsləri ilə regionda qarşıdurmadan əməkdaşlığa keçid üçün imkanlar formalaşır. Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının yaradılması, Orta Dəhlizin inkişafı və Türk dünyası arasında əlaqələrin genişlənməsi Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika sistemində rolunu artırır. Bunun üçün Ermənistanla münasibətlərdə qarşılıqlı etimadın formalaşması, suverenliyə və ərazi bütövlüyünə hörmət, öhdəliklərin yerinə yetirilməsi vacibdir.Əsas məqsəd hərbi Qələbənin yaratdığı tarixi reallıqları dayanıqlı iqtisadi inkişafa, təhlükəsizliyə və uzunmüddətli regional əməkdaşlığa çevirməkdir. Azərbaycanın Zəfərdən quruculuğa uzanan yolu məhz bu strateji hədəfə xidmət edir”.