“2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun 1,7, qeyri-neft-qaz sektorunun isə 2,9 faiz artdığı bir şəraitdə tikinti sektorunda əlavə dəyərin real ifadədə 6,8 faiz azalması investisiya fəallığındakı dəyişikliklərin göstəricisidir”.
Bu sözləri “Tribuna”ya açıqlamasında “E-qiymet” portalının rəhbəri, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü Hüseyn Talıbov söyləyib.
Onun sözlərinə görə, iqtisadiyyatın digər sahələri ilə sıx inteqrasiya olunan və maliyyə resurslarına yüksək həssaslıq göstərən bu sektorun geriləməsini təkcə bazar tələbinin zəifləməsi ilə izah etmək doğru deyil: “Burada dövlət investisiyalarının dinamikası, özəl sektorun rentabellik gözləntiləri, tikinti maya dəyəri və daşınmaz əmlak bazarındakı qiymət-gəlirlilik tarazlığı kompleks şəkildə qiymətləndirilməlidir. İlk növbədə investisiyaların strukturundakı asimmetriya diqqət çəkir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artsa da, bu artımın əsas lokomotivi neft-qaz sektoru olub. Qeyri-neft-qaz sektoruna investisiyalar cəmi 2,3 faiz artıb, yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitlər isə 4,8 faiz azalıb. Bu mənzərə bir daha təsdiq edir ki, ümumi investisiya həcminin artması avtomatik olaraq tikinti fəaliyyətini stimullaşdırmır.
Ekspert qeyd edir ki, Mərkəzi Bankın 2026-cı ilin birinci yarısına dair Maliyyə Sabitliyi Hesabatında sektordakı 13 faizlik ilkin geriləmə dövlət büdcəsinin əsaslı xərclərinin zəifləməsi ilə əlaqədardır: “İri infrastruktur və yenidənqurma layihələrinin maliyyələşmə və icra qrafiklərindəki dəyişikliklər podratçı şirkətlərin sifariş portfelinə birbaşa təsir göstərir. Özəl sektorda isə investisiya qərarlarını layihələrin iqtisadi səmərəliliyi müəyyən edir. Torpaq sahələrinin, tikinti materiallarının, işçi qüvvəsinin və maliyyələşmənin bahalaşması yekun maya dəyərini artırır.
Xərclərlə bazarın real ödəmə qabiliyyəti arasında fərq yarandıqda rentabellik aşağı düşür və investorlar yeni layihələrə başlamaqdansa, mövcud tikililəri tamamlayıb vəsaitləri dövriyyəyə qaytarmağa üstünlük verirlər. Bu ehtiyatlı davranış əmək bazarına da təsirsiz ötüşmür. İlin birinci yarısında tikinti müəssisələrində çalışanların sayı 1,1 faiz azalaraq 118,1 min nəfərə enib ki, bu da uzunmüddətli dövrdə sektorun icra potensialı üçün risk yaradır”.
Talıbovun sözlərinə görə, maraqlı iqtisadi paradokslardan biri tikinti həcmlərinin azalması fonunda mənzil qiymətlərinin artmasıdır: “2026-cı ilin ilk doqquz ayında mənzil bazarında qiymətlər 8,4 faiz yüksəlib. Lakin qiymət artımı yeni layihələrin rentabelliyinin eyni nisbətdə artması demək deyil. Sosial ehtiyacla real alıcılıq qabiliyyəti arasındakı fərq, ipoteka şərtləri və əhalinin gəlir səviyyəsi satış imkanlarını məhdudlaşdırır.
Üstəlik, Mərkəzi Bankın məlumatına görə, daşınmaz əmlakın kapitallaşma müddətinin 23 ilə yüksəlməsi qiymətlərin icarə gəlirlərini üstələdiyini və investisiyanın geriödəmə müddətinin uzandığını göstərir. Bu isə əmlakın investisiya cəlbediciliyini azaldır. Bununla belə, yanvar-sentyabr aylarındakı 8,7 faizlik azalmanın yanvar-oktyabr dövründə 6,8 faizə enməsi mənfi dinamikanın səngidiyinə işarədir. Lakin dayanıqlı bərpa üçün ardıcıl dövrlərdə yeni layihələrin başlanması və məşğulluğun artması vacibdir. Yaxın perspektivdə sektorda kəskin sıçrayışdan daha çox, şəhərsalma, sənaye-logistika və regionların inkişafı layihələri hesabına mərhələli bərpa gözlənilir”.
Müsahibimiz vurğulayır ki, Xüsusilə Bakı və Abşeron yarımadasında torpaq resurslarından səmərəli istifadə və infrastruktur təminatı həlledici olacaq: “Sektorun gələcək inkişafı tikinti həcmlərinin mexaniki artırılmasından deyil, iqtisadi cəhətdən əsaslandırılmış, layihənin bütün həyat dövrü üzrə riskləri peşəkar qiymətləndirilmiş və real bazar tələbinə uyğunlaşdırılmış dayanıqlı aktivlərin yaradılmasından asılıdır. Yalnız bazarın real ödəmə qabiliyyəti, səmərəli maliyyələşmə mexanizmləri və uzunmüddətli iqtisadi fayda uzlaşdıqda tikinti sektoru iqtisadi artımın etibarlı və davamlı dayağına çevrilə bilər” – deyə, Hüseyn Talıbov fikrini yekunlaşdırır.