Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

Xarici ölkələrdə yaşayan şəxslərə ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərin elektronlaşdırılması üzrə danışıqlar aparılır. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, əmək münasibətləri şəffaf şəkildə qurulanda həmin işçilərin gələcək sosial təminatının, xüsusilə də pensiya hüquqlarının müəyyənləşdirilməsində əsas rol oynayır.

"Eyni zamanda, işçilərin gündəlik əmək fəaliyyəti zamanı qarşılaşdıqları müəyyən risklərlə bağlı müvafiq sosial ödəniş növləri də mövcuddur. Bu baxımdan, dövlət-biznes əməkdaşlığı çərçivəsində şəffaf və formal məşğulluğun təmin edilməsi təkcə gələcək sosial təminata deyil, həm də bu gün mövcud olan sosial müdafiə mexanizmlərinin bir qisminin effektiv fəaliyyətinə xidmət edir".

Zəka Mirzəyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi xidmətlərin 78-i elektronlaşdırılıb.

"Yerdə qalan digər xidmət isə beynəlxalq sazişlər əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xarici ölkələrdə yaşayan şəxslərə ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlıdır. Bu ödənişlərin elektronlaşdırılması və proaktiv qaydada həyata keçirilməsi üçün, sözsüz ki, qarşı tərəfin, yəni digər dövlətin müvafiq elektron sistemlərinin inteqrasiyası imkanları olmalıdır. Lakin bu, hələlik mümkün deyil. Bunun üzərində işləyirik"