Bakı, 19 noyabr, AZƏRTAC Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü ilə əlaqədar YAP Səbail rayon təşkilatı “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Muxtar Nağıyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin inkişafı, ordu quruculuğu və dövlət suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan dövlətçilik tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ölkəmizin bütün bölgələrində, o cümlədən paytaxt Bakıda və Səbail rayonunda mühüm dəyişikliklərə səbəb olduğunu bildirib. Vətəndaşların rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması, abadlıq və quruculuq işlərinin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətə çatdırılıb.Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək partiyanın 34 illik fəaliyyətinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətindən danışıb. O, müasir dünyada dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinin insan kapitalı olduğunu diqqətə çatdırıb. Tədbirdə 91-lərin üzvü, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türk Ağsaqqalları Birliyinin sədri, professor Sudeyif İmamverdiyev də çıxış edib. 1992-ci ilin mürəkkəb ictimai-siyasi mənzərəsinə nəzər salınaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın tarixi zərurətdən doğan seçimi olduğu vurğulanıb. 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətinin, ziyalıların və vətənpərvər insanların onun ətrafında birləşməsinin Azərbaycanın gələcək taleyində mühüm rol oynadığı qeyd edilib.Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən və Azərbaycanın gələcək inkişaf prioritetlərindən bəhs edib. Güclü dövlətin formalaşmasında iqtisadi potensialla yanaşı, insan kapitalının, elmin, təhsilin və səmərəli idarəetmə sisteminin mühüm rol oynadığını qeyd edib.Şəhid anası Mehriban xanım Əmraхova çıxışında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıb. Şəhid anaları üçün övlad itkisinin əvəzolunmaz ağrı olduğu, lakin övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlığın böyük qürur mənbəyi olduğu ifadə edilib. Şəhidlərin xatirəsinin yaşadılmasının, onların bizə əmanət qoyduğu müstəqil və suveren dövlətin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.Vətən müharibəsi qazisi, ehtiyatda olan gizir Ramin Şirinov 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu qeyd edib. Müharibə günlərində xalqımızın vahid amal ətrafında birləşməsi, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, arxa cəbhədə nümayiş etdirilən həmrəylik və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi tarixi Qələbənin əsas amilləri kimi diqqətə çatdırılıb.Tədbirin davamında YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən üzvlərinə fəxri fərmanlar, partiyaya yeni qəbul olunan üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib.