Yer kürəsində noyabr ayının əvvəlindən bəri ikinci maqnit qasırğası qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, geomaqnit aktivliyi Bakı vaxtı ilə saat 04:00-dan 07:00-dək güclənib. Baş verən maqnit qasırğasının gücü G1 səviyyəsini keçməyib və zəif hesab olunur.
Alimlər bildiriblər ki, bu hadisəyə son iki gündə Yer kürəsinə təsir edən tac dəliyi səbəb olub. Noyabrın 20-də səhər saat 10:00-a qədər isə geomaqnit vəziyyət yenidən sabitləşib.
Qeyd edək ki, noyabrın 17-də Günəşdə 16 partlayış qeydə alınıb. Onların əksəriyyəti zəif və orta güclü olub. Partlayışlardan biri isə M sinfinə çataraq Günəşdəki nisbi sakitlik dövrünü pozub.