DİM-in yeni rəhbəri kim olacaq?

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Məleykə Mehdi qızı Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunması təhsil ictimaiyyətində diqqət çəkən hadisələrdən biridir.

Məleykə xanımın uzun illər ərzində Azərbaycan təhsilində gördüyü işlər, xüsusilə qəbul və qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında oynadığı rol xüsusi qeyd olunmalıdır. 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında rəhbər vəzifədə fəaliyyətə başlaması, 2000-ci ildən quruma rəhbərlik etməsi, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə rəhbərlik etməsi böyük idarəçilik təcrübəsinin göstəricisidir.

Onun rəhbərliyi dövründə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, regionlarda imtahan infrastrukturunun genişləndirilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin inkişafı və imtahan nəticələrinin elmi-metodiki təhlili istiqamətində mühüm işlər görülüb.

Ən böyük xidmətlərindən biri isə test üsuluna əsaslanan qəbul sisteminin qorunub saxlanılması və cəmiyyətin bu sistemə etimadının davam etdirilməsidir. Bu sistem sayəsində minlərlə gənc, ailəsinin maddi imkanlarından və sosial mövqeyindən asılı olmayaraq, biliyi ilə ali məktəbə qəbul olmaq imkanı qazanıb.

Məleykə xanımın fəaliyyəti ilə bağlı fərqli fikirlər ola bilər. Lakin ölkənin qəbul sistemində onilliklər ərzində formalaşmış institusional təcrübəni və gördüyü işləri də danmaq olmaz.

İnanıram ki, onun idarəçilik təcrübəsi, elmi potensialı və tələbkarlığı Bakı Dövlət Universitetinin inkişafına, akademik mühitin güclənməsinə və universitetin nüfuzunun daha da yüksəlməsinə töhfə verəcək. Yeni vəzifəsində Məleykə xanıma uğurlar arzulayıram!

Bəs DİM-in yeni rəhbəri kim olacaq?

Bu sual hazırda təkcə təhsil ictimaiyyətini deyil, gələcəyini bilik və zəhmət üzərində qurmaq istəyən minlərlə gənci və onların valideynlərini düşündürür.

Mənim üçün bu təyinatda ən vacib məqam yeni sədrin təhsilin mahiyyətini, müəllimin əməyini, şagirdin zəhmətini və imtahan sisteminin cəmiyyət üçün daşıdığı məsuliyyəti nə dərəcədə dərindən anlamasıdır.

DİM adi bir idarəetmə qurumu deyil. Bura bir gəncin illərlə qurduğu arzunun, valideynin övladı üçün çəkdiyi zəhmətin və biliyin obyektiv qiymətləndirilməsinin ünvanıdır. İllərdir kasıb ailələrin övladları da məhz bilikləri və zəhmətləri hesabına ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanırlar. Bu, qorunmalı olan böyük bir ictimai dəyərdir.

Sistemin təkmilləşdirilməsinə ehtiyac ola bilər. Amma onun əsasını təşkil edən şəffaflıq və bərabər imkan prinsipi heç bir halda zəifləməməlidir.

DİM-ə yalnız gəlir və bazar prizmasından baxmaq, bu qurumun ictimai missiyasını unutmaq deməkdir. Allah təhsil sistemimizi təhsilin mahiyyətindən uzaq, bu sahəyə yalnız kommersiya maraqları ilə yanaşan düşüncələrdən qorusun!

Mümkün namizədlər və təhsil ictimaiyyətinin gözləntisi

Hazırkı ictimai müzakirələrdə mümkün namizədlər sırasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun adları diqqət çəkir. Təbii ki, rəsmi qərar verilənədək bunlar ehtimal olaraq qalır.

Elmar Qasımovu yaxından tanımaq imkanım olmasa da, sosial şəbəkələrdə və ictimai fəaliyyətdə haqqında gördüyümüz müsbət nüanslar müəyyən qənaət formalaşdırır. Onun Bakı Dövlət Universitetindəki akademik fəaliyyəti, uzun illər Təhsil Nazirliyində nazir müavini kimi çalışması, SOCAR-da rəhbər vəzifədə təcrübə qazanması və 2012-ci ildən Bakı Ali Neft Məktəbinə rəhbərlik etməsi kifayət qədər geniş idarəçilik təcrübəsindən xəbər verir.

Rüfət Əzizovu isə tanımamaq, xüsusilə son illərdə təhsil sahəsində baş verən prosesləri izləyənlər üçün çətindir.

Onun peşəkar fəaliyyəti elmi mühitdən, beynəlxalq sənaye təcrübəsindən və təhsil idarəçiliyindən keçir. Moskva Dövlət Universitetində kimya üzrə təhsil alıb, elmi fəaliyyətlə məşğul olub, uzun müddət BP şirkətində mühəndis və texnoloji idarəetmə istiqamətində çalışıb. Daha sonra sənaye sektorunda rəhbər vəzifə tutub.

2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru təyin olunması ilə təhsil idarəçiliyində yeni mərhələyə qədəm qoyub. 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru, 2025-ci ilin fevralında isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Mənim diqqətimi xüsusilə onun Sumqayıt Dövlət Universitetindəki fəaliyyəti çəkir. Rüfət Əzizovun rəhbərliyi dövründə universitet QS Avropa Universitetləri Reytinqində 483-cü, Qərbi Asiya üzrə 31-ci, Azərbaycan universitetləri arasında isə 5-ci yerdə qərarlaşıb. SDU bu reytinqə daxil olan ilk regional ali təhsil müəssisəsi kimi diqqət çəkib.

Bu nəticə yalnız bir rəqəm deyil. Regional universitetin beynəlxalq akademik məkanda görünməsi, elmi əlaqələrin genişlənməsi və universitetin nüfuzunun artması baxımından əhəmiyyətli göstəricidir. Burada universitet kollektivinin əməyini də xüsusi vurğulamaq lazımdır. Rektorun uğuru məhz həmin kollektivin potensialını düzgün istiqamətləndirə bilməsindədir.

Rüfət Əzizovun elmi fəaliyyəti, Təhsil İnstitutundakı rəhbərliyi, universitet idarəçiliyində qazandığı təcrübə və beynəlxalq baxış bucağı onu diqqətəlayiq namizədlərdən birinə çevirir.

Açığı, DİM-in yeni rəhbərinin təhsil sisteminin içindən gələn, biliyin qiymətləndirilməsinin mahiyyətini dərindən anlayan, eyni zamanda müasir idarəçilik təcrübəsinə sahib bir şəxs olmasını istərdim. Bu baxımdan Rüfət Əzizovun namizədliyinə xüsusi rəğbətim var. Onun təhsil sahəsində qazandığı təcrübənin DİM-in gələcək inkişafına töhfə verə biləcəyini düşünürəm.

Təbii ki, yekun qərar dövlət başçısının müvafiq seçimi ilə müəyyənləşəcək. İstər Elmar Qasımov, istərsə də Rüfət Əzizov bu məsuliyyətli vəzifəyə layiq görülərsə, əsas gözləntimiz təhsil sistemimizin qazanması, DİM-də illər ərzində formalaşmış şəffaflıq ənənəsinin qorunması və daha da inkişaf etdirilməsidir.

Hər iki namizədə uğurlar arzulayıram. Arzum budur ki, bu təyinat təhsilimiz üçün yeni uğurlu mərhələnin başlanğıcı olsun.

Təhsildə ən böyük qazanc hansısa şəxsin vəzifəyə gəlməsi deyil, biliyin, ədalətin və etimadın qalib gəlməsidir.