Bakı, 19 noyabr, AZƏRTAC Bu gün Bakı yalnız idman yarışına deyil, həm də dostluğun, həmrəyliyin, bərabər imkanların təntənəsinə ev sahibliyi edir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimində çıxışı zamanı səsləndirib.O, ölkəmizə təşrif buyuran qonaqları salamlayaraq turnirin təşkilində iştirak edənlərə təşəkkürünü bildirib.V.Behbudov qeyd edib ki, Azərbaycan Xüsusi Olimpiya Hərəkatı 1991-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində minlərlə xüsusi qayğıya ehtiyacı olan gənc idmana cəlb olunub və onların sosial həyata inteqrasiyasına dəstək göstərilib.Komitə sədri təşkilatın əsas hədəflərindən birinin daha çox gənci idmana cəlb etmək, yeni yarışlar keçirmək və Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etmək olduğunu vurğulayıb.O, Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsində bu sahənin sürətlə inkişaf etdiyini bildirib: “Xüsusi olimpiyaçı idmançılarımızın nailiyyətləri ildən-ilə artır. Onlar beynəlxalq yarışlardan medallarla qayıdırlar”.V.Behbudov idmanın yalnız fiziki sağlamlıq və yüksək nəticələr demək olmadığını, eyni zamanda insanları birləşdirən, dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirən mühüm vasitə olduğunu diqqətə çatdırıb.Komitə sədri yarış iştirakçılarına müraciət edərək onların əzmkarlıq, zəhmət, iradə və mübarizə ruhunun hər kəs üçün nümunə olduğunu deyib: “İdmanda əsas məsələ yalnız qələbə qazanmaq deyil, öz potensialını reallaşdırmaq, qarşıya məqsəd qoymaq, çətinlikləri aşmaq və heç vaxt təslim olmamaqdır”.O, turnirin yeni dostluq əlaqələrinin qurulmasına və inklüziv idmanın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, bütün iştirakçılara uğurlar arzulayıb.Sonda V.Behbudov Xüsusi Olimpiya Avropa Badminton Turnirini açıq elan edib.Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir. Müxbir-Mikayıl Məmmədov Operator-Vüsal Tağıyev