Yohan Vadeful: Avropaya yeni təhlükəsizlik arxitekturası lazım deyil

Avropaya yeni təhlükəsizlik arxitekturası yox, əvvəllər razılaşdırılmış qayda və prinsiplərə riayət edilməsi lazımdır.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Bir daha açıq şəkildə bildirmək istərdim: bizim təhlükəsizlik sahəsində hər hansı yeni Avropa nizamının formalaşdırılmasına ehtiyacımız yoxdur. Bizə yalnız çoxdan razılaşdırılmış qayda və prinsiplərə riayət olunması lazımdır. Onlar öz başlanğıcını ATƏM-in Helsinki Yekun Aktından götürür və Paris Xartiyası, eləcə də Budapeşt memorandumu ilə davam edir", - nazir bildirib.

Y.Vadeful xatırladıb ki, Budapeşt memorandumunun şərtlərinə görə, Sovet İttifaqının hüquqi varisi olan Rusiya nəinki Ukraynanın suverenliyinə hörmət etmək, həm də onun müdafiəsini təmin etmək öhdəliyini öz üzərinə götürüb.

Almaniyanın XİN rəhbəri, həmçinin Ukraynaya dəstəyə, xüsusən də yardımın çatdırılmasına və enerji təchizatında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib: "Bu həm də bizim danışıqlarımızın mövzularından biri idi. Hesab edirəm ki, bu, Avropanın sabitliyinə mühüm töhfədir".