Qırğızıstanın cənubunda etnik qarşıdurma yaratmaq planları var - Sadır Japarov

Qırğızıstan Prezidenti Sadır Japarov prezident seçkiləri ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında etnik qarşıdurma yaratmaq planlarının olması barədə məlumat aldığını açıqlayıb.

Dövlət başçısı bəzi siyasi qüvvələrin kütləvi iğtişaşlara səbəb olmaqla seçkilərin keçirilməsinə mane olmaq məqsədilə etnik gərginliyi artırmağı müzakirə etdiyini bildirib.

Japarovun sözlərinə görə, yanlış məlumatlar vasitəsilə insanların hissləri və milli həssaslıqları hədəfə alına bilər.

Prezident 1990 və 2010-cu illərdə ölkədə baş vermiş qanlı hadisələri xatırladaraq, həmin dövrlərdə həm özbək, həm də qırğız mülki şəxslərin həyatını itirdiyini vurğulayıb.

Dövlət başçısı mümkün kütləvi iğtişaşların qarşısını almaq və belə hallara müdaxilə etmək üçün dövlətin kifayət qədər gücə malik olduğunu da qeyd edib.