Uşaqlarda artıq çəkinin əsas səbəbləri açıqlandı

Uşaqlarda artıq çəkinin yaranmasına düzgün olmayan qidalanma, fiziki hərəkətsizlik və emosional amillər səbəb ola bilər.

Bu barədə dietoloq və qidalanma davranışı üzrə mütəxəssis Olqa Romaşina “Pravda.Ru”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, uşaqların qida rasionunda emal olunmuş məhsulların payının artması və qəbul edilən kalorinin sərf olunandan çox olması çəki artımına səbəb olur. Fiziki hərəkətsizlik də bu riski artırır. Bir çox məktəbli vaxtının böyük hissəsini oturaq vəziyyətdə keçirir, idman və aktiv oyunlara az vaxt ayırır.

Mütəxəssis qeyd edib ki, qızlar və oğlanlar çəki məsələsinə fərqli yanaşırlar. Qızlar xarici görünüşlərinə daha çox diqqət yetirsələr də, sosial şəbəkələrdə təbliğ olunan arıqlıq standartları anoreksiya və bulimiya kimi qidalanma pozuntularının yaranma riskini artıra bilər. Oğlanlar isə çəki artımını vaxtında fərq etməyə bilərlər.

Romaşina emosional aclığın da həddindən artıq yeməyə səbəb olduğunu bildirib. Hisslərini ifadə etməkdə çətinlik çəkən uşaqlar rahatlıq tapmaq üçün yeməyə üz tuta, zamanla bunu vərdişə çevirə bilərlər.

Dietoloq şəkərli qazlı içkilərin və şərbətli qəhvələrin də çəki artımına təsir etdiyini vurğulayıb. O, uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşmasında valideynlərin mühüm rol oynadığını qeyd edib.