Canlı yayımda söyüş söyən tiktoker həbs olundu

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər məsuliyyətə cəlb olunub.

Modern.az-ın əldə etdiyi xəbərə görə, 22 yaşlı Əli Qədirov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "Əli" adlı profildə canlı yayım açıb. Bu zaman canlı yayıma qoşulan digər şəxslərlə mübahisə edib nalayiq ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.

Törətdiyi əmələ görə Əli polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Ə. Qədirov ifadəsində törətdiyi əməli etiraf edərək, barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.