Kürdə suyun azalması: Azərbaycanı gözləyən problemlər…

İqlim dəyişikliyi Kür çayının su ehtiyatlarını və hövzəsindəki ekoloji tarazlığı ciddi təhlükə qarşısında qoya bilər. Asiya İnkişaf Bankının hesabatına görə, qarşıdakı onilliklərdə Kür hövzəsində temperaturun yüksəlməsi, yaz və yay aylarında yağıntıların azalması, payız və qışda isə daşqın, sel və torpaq sürüşməsi risklərinin artması gözlənilir. Proqnozlara əsasən, 2085-ci ilədək qış temperaturu 5 dərəcəyədək yüksələ, yayda isə yağıntıların miqdarı 20 faizə qədər azala bilər.

Kürün yuxarı axarında – Türkiyə və Gürcüstanda baş verən iqlim dəyişiklikləri Azərbaycanın su təhlükəsizliyinə necə təsir göstərə bilər? Kürdə suyun azalması Azərbaycanda içməli su təminatında problem yarada bilərmi? Kürün su ehtiyatlarının qorunması və gələcək risklərin azaldılması üçün hövzə ölkələri arasında hansı əməkdaşlıq mexanizmlərinə ehtiyac var?

Medianews.az-ın suallarını cavablandıran ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərindən keçən Kür beynəlxalq hövzə hesab olunur: “Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan Araz çayı da beynəlxalq hövzədir. Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxu Kür və Araz çayları vasitəsilə ölkəmizə gəlir. Əlbəttə ki, Kür çayının yuxarı axarında suyun idarə olunması və ya idarəetmədəki çatışmazlıqlar Azərbaycana çox ciddi təsir göstərir.

Su götürülməsi Kür çayının suyunu azaldır. Bir neçə il bundan əvvəl Kürdə suyun səviyyəsi o qədər aşağı düşmüşdü ki, hətta çayın quruması halları müşahidə olunurdu.

Hazırda Azərbaycan Türkiyə, Gürcüstan və Ermənistan ərazilərində həyata keçirilən su təsərrüfatı layihələri ilə yaxından maraqlanır. Çünki bu ölkələr daha çox su anbarları tikməyə başlayıblar. Nəticədə aşağı axına, yəni Azərbaycana daha az su daxil olur. Bu isə gələcək su təhlükəsizliyimizi sual altına qoyur.

Biz bu məsələdə daha prinsipial mövqe tutmalıyıq. Həmin ölkələrlə birbaşa danışıqlar aparmalıyıq ki, su ehtiyatlarının bölüşdürülməsinə daha ədalətli yanaşsınlar”.

R.Abbasov vurğulayıb ki, Kür çayının bir ekosistem kimi qorunması təkcə Azərbaycanla bağlı deyil: “Kür və onun qolları Xəzər dənizindən Kürə daxil olan və çayın yuxarı axarına doğru üzən balıqların kürütökmə yerləridir. Təbii ki, burada su azalırsa, balıqçılıq sektoru da ciddi zərər görür. Daha doğrusu, suyun azalması balıqların kürütökmə yerlərinin azalmasına səbəb olur və bu da balıqçılıq sektoruna mənfi təsir göstərir.

Əlbəttə ki, bu da başqa bir təsirdir. İqtisadi təsirlər çoxdur. Məsələ təkcə su ilə bağlı deyil, kənd təsərrüfatı ilə də əlaqəlidir. Çünki Neftçala, Salyan, Zərdab, Kürdəmir, Yevlax və Sabirabad kimi rayonlar Kür çayı üzərində yerləşir. Bu rayonlarda suvarma əkinçiliyi çox inkişaf edib və onların suvarma suyuna ehtiyacı var. Lakin yuxarı axında yerləşən ölkələr həddən artıq su götürsələr Azərbaycanda su çatışmazlığı yaranacaq. Nəticədə ölkəmizin ərzaq təhlükəsizliyi də təhdid altına düşəcək. Ona görə də bu, bizim üçün çox ciddi və prinsipial məsələdir.

Bir daha qeyd edirəm ki, bu məsələdə prinsipial olmalıyıq. Gələcəkdə Kür çayının su ehtiyatlarının qorunması, suyun ədalətli bölüşdürülməsi və ümumilikdə Kür hövzəsində transsərhəd idarəçiliyin daha yaxşı təşkil olunması üçün qonşu ölkələrlə fəaliyyət planları hazırlamalıyıq”.

Kür hövzəsində su ehtiyatlarının azalması Azərbaycanın kənd təsərrüfatına, xüsusilə suvarma əkinçiliyinə necə təsir göstərəcək? Hansı bitkilərin becərilməsi daha da çətinləşə bilər?

Aqrar sektorda sahibkar fəaliyyəti ilə məşğul olan Cabbar Heybətov Medianews.az-a deyib ki, iqlim dəyişikliyinin Kür hövzəsində su ehtiyatlarına təsiri Azərbaycan kənd təsərrüfatı üçün ciddi və uzunmüddətli risklər yaradır: “Nəzərə almalıyıq ki, ölkəmizin yerüstü su ehtiyatlarının əhəmiyyətli hissəsi sərhədlərimizdən kənarda formalaşır. Bu isə Azərbaycanın su təminatını təkcə daxili iqlim şəraitindən deyil, həm də qonşu ölkələrdə baş verən hidroloji proseslərdən və su ehtiyatlarının idarə olunmasından asılı vəziyyətə salır.

Bu gün su artıq yalnız təbii sərvət deyil, həm də ərzaq təhlükəsizliyinin, iqtisadi dayanıqlılığın və strateji təhlükəsizliyin əsas amillərindən birinə çevrilir. Gələcəkdə ölkələrin aqrar potensialı yalnız münbit torpaq sahələri ilə deyil, həmin torpaqları davamlı su ilə təmin etmək imkanları ilə də müəyyən olunacaq.

Burada bir məqamı xüsusi vurğulamaq istərdim: qlobal istiləşmə yalnız temperaturun yüksəlməsi demək deyil. Bu proses həm də yağıntıların mövsümi paylanmasının dəyişməsi, uzunmüddətli quraqlıqlar və ekstremal hava hadisələrinin intensivləşməsi ilə müşayiət olunur. Məsələn, yaz aylarında iki-üç aylıq yağıntı normasının cəmi bir-iki gün ərzində düşməsi kimi hallarla qarşılaşırıq. Belə intensiv yağıntılar su ehtiyatlarının səmərəli toplanmasını çətinləşdirir, torpaq eroziyasına, münbit qatın yuyulmasına, sel və daşqınlara səbəb olur.

Digər tərəfdən, yüksək temperatur bitkilərdə ciddi fizioloji stress yaradır. Temperatur artdıqca bitkilərin suya tələbatı yüksəlir, buxarlanma və transpirasiya güclənir, fotosintez və digər fizioloji proseslər pozula bilir. Xüsusilə çiçəkləmə, mayalanma və məhsulun formalaşması mərhələsində istilik və su çatışmazlığı məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir göstərir.

Kür-Araz ovalığında becərilən pambıq, qarğıdalı, tərəvəz və yem bitkiləri su çatışmazlığından daha ciddi təsirlənə bilər. Meyvəçilikdə isə alma, armud, gilas və digər meyvə ağaclarında günəş yanıqları, meyvələrin kiçilməsi, keyfiyyət və məhsuldarlıq itkisi kimi problemlər arta bilər. Uzunmüddətli perspektivdə bəzi bölgələrdə mövcud əkin strukturuna və becərilən sortlara yenidən baxmaq zərurəti yarana bilər.

Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycan kənd təsərrüfatının əsas məhdudlaşdırıcı amillərindən biri torpaq çatışmazlığı deyil, mövcud əkin sahələrinin etibarlı su təminatı olacaq. Aparılan dövlət siyasəti də daim bu sahəni diqqətdə saxlayır”.

C.Heybətov qeyd edib ki, bu baxımdan su siyasətində əsas məqsəd yalnız yeni su mənbələrinin yaradılması deyil, mövcud ehtiyatların səmərəli idarə olunması olmalıdır: “Su anbarlarının tikintisi və mövcud infrastrukturun modernləşdirilməsi ilə yanaşı, suvarma şəbəkələrində itkilərin azaldılması, damcı suvarma texnologiyalarının genişləndirilməsi, torpaq rütubətinin monitorinqi və iqlimə davamlı sortların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Şəxsən mən Azərbaycanın şimal bölgəsində, xüsusilə Qudyalçay və Vəlvələçay üzərində su anbarlarının yaradılması istiqamətində nəzərdə tutulan layihələrə böyük ümid bəsləyirəm. Hesab edirəm ki, bu cür strateji infrastruktur layihələri mövsümi su ehtiyatlarının toplanmasına, quraqlıq dövründə suvarma suyuna tələbatın qarşılanmasına və bölgədə kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Əlbəttə, belə layihələrin həyata keçirilməsində çayların ekoloji axınının qorunması və ətraf mühitə təsirlərin düzgün qiymətləndirilməsi də vacibdir.

Eyni zamanda, transsərhəd çaylardan asılılığımız nəzərə alınaraq, qonşu ölkələrlə su ehtiyatlarının birgə və koordinasiyalı idarə olunması uzunmüddətli strategiyanın mühüm hissəsinə çevrilməlidir.

Ən əsası, iqlim dəyişikliklərinə uyğunlaşmanı gələcəyin deyil, bu günün vəzifəsi kimi qəbul etməliyik. Çünki bu gün salınan meyvə bağları, qurulan suvarma sistemləri və həyata keçirilən aqrar investisiyalar qarşıdakı 15–20 ilin iqlim reallıqlarına hesablanmalıdır.

Unutmamalıyıq ki, gələcəyin kənd təsərrüfatında əsas üstünlük daha çox torpağa sahib olmaq deyil, hər kubmetr sudan daha yüksək iqtisadi dəyər yaratmaq bacarığı olacaq”.

Nailə Qasımova,

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.