İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Sirik rayonunun Kuhestək bölgəsində ABŞ-yə məxsus “MQ 1” Pilotsuz Uçuş Aparatı vurularaq məhv edilib.
Bu, İran ordusunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda öz əksini tapıb.
“Bir neçə saat öncə İran ordusunun Hərbi Dəniz Qoşunlarının hava hücumundan müdafiə üzrə yeni sisteminin atəşi nəticəsində ABŞ-yə məxsus “MQ 1” PUA-sı vurulub və məhv edilib”, -deyə məlumatda qeyd olunur.
İran ordusu ölkənin ərazi bütövlüyü, su sərhədləri və mənafeyinin qorunması istiqamətində bütün addımları atacağını bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.