Bakı, 13 noyabr, AZƏRTAC İnklüziv cəmiyyətin formalaşması hər bir fərdin hüquq və imkanlarına hörmətlə yanaşılmasından, ayrı-seçkiliyin qarşısının alınmasından və bütün şəxslərin cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsindən başlayır. Bu prosesdə könüllülər maarifləndirmə işlərinin aparılmasında, həssas kateqoriyadan olan şəxslərə dəstək göstərilməsində və cəmiyyətdə bərabər imkanların təşviqində mühüm rol oynayırlar. UNEC İnklüziv Tədris Mərkəzinin direktoru Sevinc Məhsimova AZƏRTAC-a açıqlamasında bildirib ki, inklüzivlik yalnız fiziki əlçatanlıqla məhdudlaşmır, eyni zamanda, hər kəsin təhsil, sosial həyat və digər sahələrdə bərabər imkanlardan yararlanmasını nəzərdə tutur. Bu istiqamətdə könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onların maarifləndirmə təşəbbüslərində iştirakı, həssas kateqoriyadan olan şəxslərlə düzgün ünsiyyət qurması, ehtiyac və çətinliklərinə həssas yanaşması cəmiyyətdə inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir. Mərkəz direktoru empatiya, qarşılıqlı anlayış, tolerantlıq və hörmət prinsiplərinin təşviqinin də inklüziv mühitin formalaşmasında vacib amillər olduğunu qeyd edib. O, UNEC-də həssas kateqoriyadan olan tələbələr üçün yaradılan imkanlar, onların təhsil prosesində iştirakının dəstəklənməsi və universitet mühitində inklüzivliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Sevinc Məhsimova İnklüziv Tədris Mərkəzinin fəaliyyətindən danışaraq, burada tələbələrin fərdi ehtiyaclarının nəzərə alınmasına, təhsil imkanlarının genişləndirilməsinə, onların universitet həyatına fəal inteqrasiyasına və tədris prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək göstərildiyini diqqətə çatdırıb. O, inklüziv təhsil mühitinin yaradılmasının yalnız universitetin deyil, bütün cəmiyyətin birgə səylərini tələb etdiyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə könüllülərin təşəbbüskarlığı və fəal iştirakı sosial həmrəyliyin gücləndirilməsinə, hər kəs üçün bərabər imkanların təmin olunmasına xidmət edir.