Dünya siyasətində dövlətlərin nüfuzu təkcə onların iqtisadi və hərbi imkanları ilə ölçülmür. Ən mühüm göstəricilərdən biri də beynəlxalq gündəliyin formalaşmasında hansı mövqedə dayanmaları, strateji qərarların müzakirəsində nə dərəcədə iştirak etmələridir. Prezident İlham Əliyevin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın bu baxımdan qazandığı diplomatik imkanları bir daha gündəmə gətirdi.
Dublin sammitinin siyasi mənzərəsində diqqətçəkən məqam Azərbaycanın fərqli ölkələrlə müxtəlif strateji məsələlər ətrafında dialoq aparması idi. Bir tərəfdə Avropa İttifaqı ilə enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları, digər tərəfdə Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi, paralel olaraq Ermənistanla sülh prosesinin növbəti mərhələsi müzakirə edilirdi.
İlk baxışda bir-birindən fərqli görünən bu istiqamətləri birləşdirən mühüm məqam var. Azərbaycan artıq yalnız müəyyən layihələrdə iştirak edən ölkə deyil, bir sıra regional və beynəlxalq təşəbbüslərin həyata keçirilməsində mühüm tərəfdaşdır.
Bu mövqenin arxasında isə illər ərzində formalaşmış iqtisadi əlaqələr, enerji infrastrukturu, əlverişli coğrafi mövqe və çoxşaxəli diplomatik münasibətlər dayanır.
Avropanın enerji xəritəsində Azərbaycan imzası
Dublin sammitinin əsas müzakirə istiqamətlərindən biri Avropanın rəqabət qabiliyyətinin artırılması, enerji təchizatının əlçatanlığı və yeni bağlantıların yaradılması idi. Məhz bu gündəlikdə Azərbaycanın mövqeyi xüsusi praktik əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin sammit çərçivəsində keçirilən dəyirmi masada açıqladığı rəqəmlər bunun konkret göstəricisidir. Azərbaycan 2022-ci ildə Avropa İttifaqı ilə energetika sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra bu bazara qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırıb.
Burada diqqətçəkən məsələ yalnız ixracın artması deyil, eyni zamanda Avropa enerji təhlükəsizliyini gücləndirmək, təchizat mənbələrini şaxələndirmək və yeni infrastruktur əlaqələri yaratmaq istəyir. Azərbaycanın mövcud boru kəmərləri, ixrac imkanları və yeni enerji layihələri isə bu məqsədlərlə birbaşa uzlaşır.
Başqa sözlə, Bakı ilə əməkdaşlıq Avropa üçün yalnız diplomatik münasibətlərin inkişafı məsələsi deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi gündəliyinin bir hissəsidir.
Üstəlik, Azərbaycanın rolu təkcə neft və qazla məhdudlaşmır. Xəzər hövzəsinin bərpaolunan enerji potensialı, yaşıl enerji ixracı layihələri və Orta Dəhlizin inkişafı ölkənin gələcək regional bağlantılardakı əhəmiyyətini artırır.
Dublinin ən mühüm siyasi nəticələrindən biri - Strateji Tərəfdaşlıq
Sammit çərçivəsində Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi xüsusi diqqətəlayiq hadisədir.
Bu sənəd iki ölkənin 30 ildən artıq davam edən, əsasən enerji sektorunda formalaşmış əməkdaşlığını daha geniş siyasi və iqtisadi çərçivəyə çıxarır.
Artıq gündəlikdə müdafiə və təhlükəsizlik, müdafiə sənayesi, investisiyalar, innovasiya, təhsil və müasir texnologiyalar da dayanır.
Burada mühüm siyasi məqam ondan ibarətdir ki, Böyük Britaniya kimi beynəlxalq təhlükəsizlik və iqtisadi münasibətlərdə mühüm rol oynayan dövlətlə tərəfdaşlığın yeni səviyyədə rəsmiləşdirilməsi Azərbaycanın əlaqələrinin şaxələnməsi baxımından əlavə imkanlar yaradır.
Digər diqqətçəkən hadisə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü oldu. Koştanın Azərbaycan dövlət başçısını Avropa İttifaqına səfərə dəvət etməsi Bakı-Brüssel dialoqunun yüksək siyasi səviyyədə davam etdirilməsinə marağın göstəricisidir.
Görüşdə enerji əməkdaşlığı ilə yanaşı, Orta Dəhliz və Naxçıvan dəmir yolu layihəsinin də müzakirə edilməsi Azərbaycanın Avropa ilə münasibətlərində nəqliyyat gündəliyinin əhəmiyyətini nümayiş etdirir.
Beləliklə, Dublində keçirilən təmasların mühüm tərəfi onların yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, konkret iqtisadi layihələr və əməkdaşlıq mexanizmləri ətrafında aparılmasıdır.
Cənubi Qafqazın gələcəyi də Dublində müzakirə edildi
Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə sammitin regional siyasi əhəmiyyətini ortaya qoyan hadisələrdən biri oldu.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Dublində aparılan müzakirələr də məhz bu mərhələnin praktik məsələlərini əhatə edirdi.
Sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı ticarət, elektrik şəbəkələrinin birləşdirilməsi və etimadın möhkəmləndirilməsi kimi məsələlərin gündəmə gətirilməsi sülh prosesinin iqtisadi və institusional məzmun qazanması baxımından əhəmiyyətlidir.
Xüsusilə Azərbaycan ərazisindən keçməklə Ermənistana 105 min ton yük daşınması barədə açıqlanan məlumat regionda iqtisadi əlaqələrin tədricən bərpasının konkret göstəricilərindəndir.
Bu mənzərədə Azərbaycanın diplomatik imkanlarının başqa bir tərəfi də üzə çıxır: Bakı bir tərəfdən Avropanın enerji və nəqliyyat layihələrində iştirak edir, digər tərəfdən isə Cənubi Qafqazda yeni regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı danışıqların əsas iştirakçılarından biri kimi çıxış edir.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Azərbaycanın göstərdiyi humanitar yardımın və Qarabağla Şərqi Zəngəzurda aparılan bərpa işlərinin müzakirəsi də ölkənin təcrübəsinin və əməkdaşlıq imkanlarının fərqli istiqamətlərdə maraq doğurduğunu göstərir.
Praqadan Dublinə, Dublindən Bakıya
Azərbaycanın Avropa Siyasi Birliyi platformasındakı iştirakına daha geniş zaman kəsiyindən baxmaq da maraqlı mənzərə yaradır.
2022-ci ildə Praqada keçirilən ilk sammitdən etibarən Prezident İlham Əliyev bu platformanın müxtəlif toplantılarında iştirak edib, Avropa liderləri ilə ikitərəfli və çoxtərəfli müzakirələr aparıb.
İndi isə Azərbaycan 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməyə hazırlaşır.
Bu, sıradan bir təşkilati məsələ deyil. Avropa dövlətlərinin liderlərini eyni siyasi platformada Azərbaycanda bir araya gətirmək ölkəyə həm öz təşəbbüslərini təqdim etmək, həm də yeni diplomatik və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək üçün mühüm fürsət yaradacaq.
Xüsusilə Azərbaycanın sammitə ev sahibliyi etmək təşəbbüsünün Ermənistan tərəfindən də dəstəklənməsi Cənubi Qafqazda dəyişən siyasi münasibətlərin diqqətəlayiq nümunəsidir.
Bütün bunlar Prezident İlham Əliyevin Dublin səfərinə yalnız növbəti beynəlxalq tədbirdə iştirak kimi baxmağın kifayət etmədiyini göstərir.
Dublin görüşlərinin əhəmiyyəti onların sayında deyil, məzmunundadır. Azərbaycan bir gündə Avropanın enerji gələcəyi, beynəlxalq nəqliyyat bağlantıları, regional təhlükəsizlik və strateji tərəfdaşlıq kimi bir-birindən fərqli, lakin qarşılıqlı əlaqəli məsələlər üzrə müzakirələrin iştirakçısı oldu.
Nəticə etibarilə, Dublin sammiti Azərbaycanın beynəlxalq mövqeyinin mühüm xüsusiyyətini üzə çıxardı. Ölkənin siyasi əhəmiyyəti onun təkcə coğrafi mövqeyindən deyil, həmin mövqeyi real enerji, nəqliyyat və diplomatik əməkdaşlıq imkanlarına çevirə bilməsindən qaynaqlanır.
Avropanın təhlükəsizlik və iqtisadi əlaqələr xəritəsi yenidən formalaşarkən Azərbaycanın bu proseslərdə iştirakı da Bakı ilə dialoqun əhəmiyyətini artıran əsas amillərdən biri kimi ön plana çıxır. /Oxu.az/